AI boyunbağı “Friend” artıq sizinlə danışacaq
Süni intellekt vasitəsilə insanların tənhalıq hissini azaltmağı hədəfləyən “Friend” adlı ağıllı cihaz yenilənib. Friend 2.0 adlandırılan yeni versiya artıq istifadəçi ilə səsli şəkildə danışa bilir. “Friend” iki il əvvəl texnologiya sahibkarı Avi Schiffmann tərəfindən təqdim edilmişdi. Boyunbağı formasında hazırlanan cihaz istifadəçinin gündəlik söhbətlərini dinləyir, onunla ünsiyyət qurur və gün ərzində mesajlar göndərə bilirdi.
Əvvəlki versiyada ünsiyyət əsasən mətn mesajları üzərindən aparılırdı. Friend 2.0-a isə daxili dinamik əlavə edilib. Bunun sayəsində süni intellekt artıq istifadəçiyə birbaşa səslə cavab verə bilir. Şirkət cihazın hər bir istifadəçi üçün özünəməxsus və ardıcıl “şəxsiyyət” formalaşdırdığını bildirir. Friend-in yayımladığı reklam çarxlarında cihaz insanların şəxsi həyatları, münasibətləri və gələcək planları haqqında onlarla söhbət edir. Maraqlıdır ki, Friend adi süni intellekt köməkçisi kimi təqdim edilmir. Schiffmann cihazı insanın danışa biləcəyi bir növ sirdaş və dost kimi təsvir edir. Yeniliklərlə birlikdə cihazın qiyməti də ciddi şəkildə artıb. İki il əvvəl 99 dollara təqdim edilən Friend-in yeni versiyası 249 dollara satılacaq. Bu, əvvəlki qiymətdən 2,5 dəfə çoxdur.
Paylaş
