
AirPods Pro 3 ürək döyüntülərini izləyə biləcək
Şəbəkə mənbələrinin məlumatına görə, Apple şirkəti bu il yeni AirPods Pro 3 naqilsiz qulaqlığını təqdim edəcək və əsas yeniliklərdən biri istifadəçinin ürək döyüntüsünü izləmə funksiyasının dəstəklənməsi olacaq. Bu fikri Bloomberg-in məşhur insayderi Mark Gurman səsləndirib. “Apple-ın digər cihazlarına gəlincə, payızda onların sayı çox olacaq, amma əsasən mərhələli yeniliklərdən ibarət olacaq. Apple Watch, Vision Pro və M5 prosessorlu iPad Pro yenilənəcək. Siz həmçinin yeni AirPods Pro qulaqlığının (bu ilin əvvəlində mən Apple-ın ürək döyüntüsünü izləmə funksiyasına malik yeni qulaqlıq üzərində işlədiyini qeyd etmişdim) və eləcə də HomePod və Apple TV-nin təqdim olunmasını gözləməlisiniz” - deyə Gurman-ın son açıqlamasında bildirilir.

Xatırladaq ki, bu il Apple Powerbeats Pro 2 modelində ürək döyüntüsünü izləmə funksiyasını istifadəyə verib. Hər iki qulaqlıq qulağa taxıldıqda və uyğun seçim aktivləşdirildikdə, optik sensorlar saniyədə 100-dən çox impuls göndərərək ürək döyüntülərini ölçür. Bu funksiya məşq zamanı məlumatların toplanması üçün məşhur fitnes tətbiqlərinə inteqrasiya olunur və iPhone-dakı Apple Health tətbiqi ilə sinxronlaşdırılır. Qeyd olunan Powerbeats Pro 2 funksiyası Apple Watch-dakı analoqu ilə eyni prinsiplə işləyir.

İstifadəçi eyni anda həm Powerbeats Pro 2, həm də Apple Watch-dan istifadə etdikdə, tətbiq standart olaraq smart saatdan gələn məlumatları təhlil edir. Böyük ehtimalla, yeni AirPods Pro modelində də ürək döyüntüsünü izləmə funksiyası oxşar şəkildə işləyəcək. Gözlənilir ki, AirPods Pro 3 modelində səs keyfiyyəti yaxşılaşdırılacaq və səs-küyü azaltma sistemi gücləndiriləcək. Hazırda aktual olan AirPods Pro 2 isə 2022-ci ilin sentyabrında təqdim olunub, 2023-cü ilin sentyabrında müxtəlif rəng variantlarında hazırlanmış USB Type-C interfeysli şarj keysi ilə yenilənib.
Paylaş