AirTag 2 satışa çıxan kimi ucuzlaşdı
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Apple-ın ikinci nəsil AirTag izləmə cihazları təqdimatından cəmi bir ay sonra artıq ilk endirimini alıb. Hazırda Costco üzvləri 5 ədəd AirTag paketini 99,99 dollara (29 dollar endirimlə) əldə edə bilirlər. Bu isə hər bir cihazın təxminən 20 dollara başa gəlməsi deməkdir. Costco üzvü olmayanlar da 5 dollarlıq əlavə ödəniş etməklə və ya illik 65 dollardan başlayan üzvlük paketi ilə kampaniyadan yararlana bilərlər.
Apple-ın birinci nəsil AirTag modeli uzun illərdir iPhone istifadəçiləri üçün ən yaxşı izləmə cihazlarından biri hesab olunur. Yeni model isə bu uğuru daha da inkişaf etdirir. AirTag-in əsas üstünlüyü Apple-ın ultra genişzolaqlı (UWB) çipidir. Bu çip sayəsində cihaz itirilmiş əşyaların yerini ekranda oxlar, vibrasiya və səs siqnalları vasitəsilə son dərəcə dəqiq göstərir. Yeni nəsildə isə bu məsafə 50 faizədək artırılıb.
Bu yenilik xüsusilə çoxmərtəbəli evlərdə və böyük məkanlarda əşyaların tapılmasını daha etibarlı edir. Bundan əlavə, yeni model telefonla daha sürətli qoşulur və daxili dinamiki əvvəlki versiyaya nisbətən 50 faiz daha güclüdür. AirTag 2 əvvəlki modelin sevilən xüsusiyyətlərini də qoruyub saxlayır. Cihaz dəyişdirilə bilən batareya ilə işləyir, IP67 su və toz davamlılığına malikdir və Bluetooth əlaqə məsafəsi genişdir. Eyni zamanda istifadəçilər izləmə cihazını 5 nəfərə qədər paylaşa, hətta bəzi aviaşirkətlərlə (məsələn, United, Delta və American Airlines) müvəqqəti olaraq baqajın yerini bölüşə bilirlər.
Paylaş