Amazon Alexa səs köməkçili ilk rəqəmsal foto çərçivəsini təqdim etdi
“Amazon” daxili “Alexa” səs köməkçisi olan ilk rəqəmsal foto çərçivəsini çıxarıb. “Alexa Photo Frame”də 10 düymlük, yüksək keyfiyyətli və toxunuşa həssas ekran var. Ekranın yarımmat, əksi azaldan səthi fotolara çap olunmuş şəkil görünüşü verir. Cihaz yumşaq ağ haşiyə və həqiqi ağac çərçivə seçimləri ilə satılır. İşıq sensoru da otağın işığına uyğun olaraq ekran parlaqlığını avtomatik dəyişir.
“Alexa Photo Frame” fotoları “Amazon Photos” xidmətindən götürür. “Prime” üzvləri burada limitsiz sayda foto saxlaya bilirlər. “Alexa+” gülümsəyən insanların göründüyü, işığı yaxşı olan və mövsümə uyğun şəkilləri seçir. Sistem ekran görüntülərini və qəbzləri tanıyaraq onları nümayiş etdirmir. İstifadəçi istədiyi şəxsləri seçə bilər, həmin insanların yeni fotoları da çərçivəyə avtomatik əlavə olunar.
Dostlar və ailə üzvləri də şəkilləri birbaşa cihaza əlavə edə bilirlər. Telefona toxunmadan “Alexa”ya müəyyən insan, məkan və ya hadisə ilə bağlı fotoları göstərmək əmri vermək olur. Məsələn, son İtaliya səfərinin və ya uşaqların ən yeni şəkillərini səslə açmaq olar. Foto kolleksiyasına ekrana toxunaraq baxmaq, həmçinin süni intellektə sorğu verib ayrıca slayd nümayişi hazırlamaq olur.
“Alexa+” eyni mövzuya aid şəkilləri yanaşı göstərə bilir. Məsələn, eyni uşağın müxtəlif yaşlarda hovuzda çəkilmiş fotolarını bir araya gətirir. Fotoya həmin anla bağlı səsli qeyd əlavə etmək, sonra şəklin üzərinə toxunaraq qeydi dinləmək olur. Arzuolunmaz şəkli uzun basmaqla gizlətmək mümkündür. Mikrofon foto axtarışı və çərçivənin idarəsi üçün səsli əmrlər verməyə yarayır.
Qiymətlərlə bağlı məlumatlarda cüzi fərq var. Qara versiyanın qiyməti 199-200 dollar (təxminən 340 manat) göstərilir. Həqiqi qoz və tozağacı çərçivəli modellər 229-230 dollara (təxminən 390 manat) satılır. Bəzi məlumatlara görə, cihaz artıq satışdadır, çatdırılmanın 16 dekabrda başlanacağı da açıqlanıb. Hər cihazla 90 günlük pulsuz “Alexa+” təqdim olunur. Bu müddət bitdikdən sonra həmin funksiyalardan istifadə üçün “Prime” abunəsi tələb ediləcək.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...