Amazon Leo peyk interneti 2026-da start götürür
Technote.az “TNW” platformasına istinadən bildirir ki, Amazon-un peyk internet layihəsi artıq yeni mərhələyə keçir. Şirkətin əvvəl “Project Kuiper” kimi tanınan layihəsi 2025-ci ilin noyabrında “Amazon Leo” adı ilə rebrendinq edilib və 8 aprel 2026 tarixində rəsmi olaraq korporativ beta mərhələsinə start verib. Amazon CEO-su Andy Jassy-nin səhmdarlara ünvanladığı məktuba əsasən, xidmətin kommersiya istifadəsi üçün buraxılışı 2026-cı ilin ortalarına planlaşdırılır.
Amazon Leo istifadəçilərə fərqli ehtiyaclara uyğun üç terminal təqdim edəcək:
- Leo Nano – fərdi və kiçik istifadəçilər üçün, 100 Mbps
- Leo Pro – kiçik bizneslər üçün, 400 Mbps
- Leo Ultra – iri müəssisələr üçün, 1 Gbps sürət
Xüsusilə Leo Ultra modeli təyyarələr, gəmilər və böyük müəssisələr üçün nəzərdə tutulub və yüksək performans vəd edir. Hazırda beta mərhələdə Amazon Leo ilə əməkdaşlıq edən şirkətlər arasında Verizon, AT&T, Vodafone, JetBlue və NASA kimi böyük təşkilatlar yer alır. Bu da göstərir ki, Amazon ilk mərhələdə fərdi istifadəçilərdən çox korporativ bazara fokuslanır. Amazon Leo bazara daxil olduqda əsas rəqibi SpaceX-in Starlink xidməti olacaq. Starlink artıq milyonlarla istifadəçiyə xidmət göstərir və minlərlə peykə malikdir.
Amazon isə hazırda orbitdə cəmi 200-dən bir qədər çox peyk yerləşdirə bilib və ABŞ tənzimləyici qurumunun tələb etdiyi 1618 peyk həddinə çatmaq üçün vaxt uzadılması istəyib. Şirkət əlavə raket buraxılış müqavilələri imzalasa da, peyk sayındakı geriləmə səbəbindən ilkin planlara tam əməl etmək çətin görünür. Bununla belə, Amazon gələcəkdə minlərlə peykdən ibarət daha böyük şəbəkə qurmağı planlaşdırır.
Paylaş