AMD 4 il əvvəlki Ryzen 7 5800X3D prosessorunu bazara qaytardı
“AMD” ilk dəfə 2022-ci ilin aprelində satışa çıxardığı “Ryzen 7 5800X3D” prosessorunu 2026-cı ilin ortalarında yenidən bazara qaytarıb. Şirkətin müştəri məhsulları üzrə rəhbəri Travis Kirsch deyib ki, bu qərarı dəstəkləyənlərdən biri baş direktor Lisa Su olub. “AM4” platforması üçün hazırlanan model oyun kompüterini yeniləmək istəyənlərə yönəlib.
Prosessorun geri qayıtması köhnə modelin sadəcə yenidən istehsalı demək olmayıb. “AMD” istehsal prosesini yeniləyib, çip üzərində geniş mühəndis işi aparıb və istehsal xəttini “TSMC” ilə birlikdə uyğunlaşdırıb. Beləliklə, şirkət 4 il əvvəl çıxardığı modeli yenidən istehsal edə bilib.
“AMD” bu planı DDR5 yaddaş modulları bahalaşmazdan əvvəl hazırlayıb. Travis Kirsch vurğulayıb ki, qərar yaddaş qıtlığına görə verilməyib. Prosessor təxminən 10 ildir “AM4” sistemlərindən istifadə edənlər üçün son yeniləmə seçimidir. Həmin kompüterlərdə daha yeni DDR5 deyil, əvvəlki nəsil DDR4 operativ yaddaş işləyir.
Hazırda “AMD”nin satışda 4 yeni “Ryzen 3” prosessoru var. Modellərdən 1-i “AM5”, 3-ü “AM4” platforması üçündür. Şirkət fərqli büdcələrə uyğun məhsullar çıxarmaq istəsə də, diqqətini əsasən bahalı və güclü oyun prosessorlarına yönəldib. Oktyabrda keçirilən “Steam” sorğusuna görə, “AMD” prosessorlarının payı 48,4 faizə çataraq “Intel”ə yaxınlaşıb.
Kirsch-in fikrincə, ucuz prosessor bazarı əvvəlki qədər böyük deyil. Çünki bu kateqoriyada alıcıların böyük hissəsi artıq noutbuklara üstünlük verir. O, yaddaş çiplərinin qıtlığı və qiymət dəyişikliklərinin “AMD”nin nəzarətindən kənarda olduğunu deyib. Şirkət bazardakı vəziyyətdən asılı olmayaraq alıcılara fərqli seçimlər verməyə çalışır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...