main-post-cover

    Analitiklər iPhone 13 barəsində yeni məlumatlar veriblər

    Cihazlar+
    15.03.2021
    Farid Pardashunas
        Bu il təqdim olunacaq iPhone 13 smartfon seriyası barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Bu dəfə iPhone 13 barəsində məlumat Barclays şirkətinin analitiki Andrew Gardiner və onun həmkarları tərəfindən verilib. Bu barədə Macrumors saytı xəbər verib. Onların verdikləri məlumata əsasən iPhone 13 seriyasına daxil olacaq bütün smartfonlar həm Face ID həm də ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasını əldə edəcəklər.
        Hələ 2019-cu ildə məlumat yayılmışdı ki, Apple öz smartfonlarına Touch ID texnologiyasını geri qaytaracaq, lakin o, ekrana inteqrasiya ediləcək. Bu il Bloomberg The Wall Street Journal kimi saytlar məlumat vermişdilər ki, Apple şirkəti iPhone 13-də ekrana inteqrasiya edilmiş barmaq izi skanı tenxologiyasını test edir.
        Bununla yanaşı Barclays şirkətinin mütəxəssisləri qeyd ediblər ki, iPhone 13 modellərinin ekranları üzərlərində olacaq çıxıntı hissənin ölçüsü bir qədər balaca olacaq. Lakin LiDAR skanerlər hələ də Pro modellərə xas olacaq bir özəllik olacaq. Çox güman ki, Apple öz smartfonlarında ciddi dəyişiklikləri gələn il edəcək. Belə ki, son məlumatlara əsasən Apple öz smartfonlarında ekran üzərində çıxıntı hissədən imtina və onun əvəzinə ekran üzərinə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı əlavə etmək istəyir.
    Linki kopyala