Anker süni intellekt çipli yeni qulaqlıqlarını təqdim etdi
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Anker yeni simsiz qulaqlıqları olan Soundcore Liberty 5 Pro və Soundcore Liberty 5 Pro Max modellərini təqdim edib. Şirkətin diqqət mərkəzinə çıxardığı əsas yenilik isə ilk dəfə bu modellərdə istifadə edilən “Thus AI” çipi olub. Yeni çip xüsusilə səsli zənglər zamanı daha aydın danışıq keyfiyyəti və süni intellekt funksiyalarını təmin etməyə yönəlib.
Şirkətin məlumatına görə, qulaqlıqlarda 8 mikrofon, 2 "bone conduction" sensor və süni intellekt modeli birlikdə çalışır. Bu sistem istifadəçinin səsini fon səs-küyündən ayıraraq daha təmiz şəkildə qarşı tərəfə ötürür. Anker bildirir ki, sistem hətta nisbətən aşağı səs tonu ilə danışarkən də səsi daha dəqiq tuta bilir. Hər iki model Soundcore-un Adaptive ANC 4.0 aktiv səsboğma texnologiyası ilə təchiz olunub. Sistem saniyədə 384 min dəfə ətraf səs məlumatlarını analiz edir və real vaxtda səsboğmanı tənzimləyir. Şirkətin iddiasına görə, yeni nəsil ANC performansı əvvəlki Liberty 4 Pro modeli ilə müqayisədə iki dəfə daha effektivdir.
Qulaqlıqlarda həmçinin HearID 5.0 texnologiyası yer alıb. Bu funksiya qısa eşitmə testi əsasında istifadəçiyə fərdi səs profili və EQ parametrləri yaradır. AI Sound Enhancement sistemi isə Bluetooth sıxılmaları nəticəsində itirilən səs keyfiyyətinin müəyyən hissəsini bərpa etməyə çalışır. Liberty 5 Pro və Pro Max modelləri ANC aktiv olduqda 6.5 saat, enerji qutusu ilə birlikdə isə ümumilikdə 28 saata qədər istifadə müddəti təqdim edir. Hər iki model Bluetooth 6.1, Apple Find My, Google Fast Pair, çoxlu cihaz bağlantısı (multipoint) və IP55 su-toz qorumasını dəstəkləyir.
Modellər arasındakı əsas fərq isə enerji qutularında ortaya çıxır. Liberty 5 Pro modeli 0.96 düymlük TFT ekranlı qutu ilə gəlir. Daha bahalı Liberty 5 Pro Max isə 1.78 düymlük AMOLED ekranlı ağıllı qutuya sahibdir. Pro Max versiyasının ən diqqətçəkən xüsusiyyəti “AI Note-Taker” funksiyasıdır. Bu sistem görüş və iclaslardan sonra avtomatik transkript yarada, danışan şəxsləri ayırd edə və görüləcək işləri müəyyənləşdirə bilir. Bundan əlavə, hər iki model süni intellekt əsaslı tərcümə funksiyasını dəstəkləyir. Yeni Soundcore Liberty 5 Pro modeli 170 dollar, Liberty 5 Pro Max isə 230 dollar qiyməti ilə satışa çıxarılıb.
Paylaş