
Məşhur bençmark saytı olan AnTuTu-nun mütəxəssisləri oktyabr ayı üzrə ən güclü Android smartfonların reytinqini tərtib ediblər. Maraqlısı ondadır ki, reytinqin ilk iki pilləsində müxtəlif prosessorlara sahib ASUS ROG Phone 6 modeli qərarlaşıb. Reytinqin birinci yerini ASUS ROG Phone 6-nın Snapdragon 8+ Gen 1 prosessoru ilə təchiz olunmuş versiyası tutub. İkinci yerdə isə həmin smartfonun MediaTek Dimensity 9000+ prosessoru ilə təchiz olunmuş versiyası qərarlaşıb. Reytinqin üçüncü yerini Snapdragon 8+ Gen 1 prosessoruna sahib Nubia Red Magic 7S Pro smartfonu tutub.
iQOO 10 seriyasının iki modeli sözügedən reytinqdə iki yer tutub. Belə ki, iQOO 10 Pro modeli dördüncü yerdə, adi iQOO 10 modeli isə altıncı yerdə qərarlaşıb. Reytinqin beşinci yerini isə Lenovo Legion Y70 smartfonu tutub. Altıncı pillədən sonra sıra ilə OnePlus Ace Pro, Moto X30 Pro və Xiaomi 12S Pro modelləri gəlir. Reytinqin sonuncu yerini Nubia Z40S Pro smartfonu tutub. Qeyd etmək lazımdır ki, reytinqdə təqdim edilmiş 10 smartfondan 9-u Snapdragon prosessoru vasitəsilə çalışır. Digər maraqlı bir fakt ondan ibarətdir ki, sözügedən reytinqdə Samsung smartfonu yoxdur.