Logo
    main-post-cover

    App Store abunəliklərində yeni dövr: illik planlara aylıq ödəniş imkanı gəlir

    Cihazlar+
    28.04.2026
    Sevinj
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple App Store istifadəçiləri və tətbiq istehsalçıları üçün yeni bir abunəlik modelini təqdim etməyə hazırlaşır. Bu yenilik sayəsində istifadəçilər artıq illik abunəliklər üçün yüksək məbləği birdəfəlik ödəmək məcburiyyətində qalmayacaq, ödənişləri 12 aya bölərək aylıq şəkildə həyata keçirə biləcəklər.
        Yeni sistem ənənəvi aylıq abunəliklərdən fərqlənir. Belə ki, istifadəçi aylıq ödəniş etsə də, faktiki olaraq 12 aylıq öhdəlik götürür. Bu isə o deməkdir ki, istifadəçi illik paketlərə tətbiq olunan endirimdən yararlanır, lakin ödənişləri il ərzində hissə-hissə edir. Abunəlik istənilən vaxt ləğv oluna bilər, amma artıq götürülmüş maliyyə öhdəliyi qüvvədə qalır və ödənişlər davam edir.
        Ödənişlər istifadəçinin Apple hesabı vasitəsilə həyata keçiriləcək. Əgər hər hansı ödəniş uğursuz olarsa, bu, hesab funksiyalarına məhdudiyyətlər gətirə bilər. Məsələn, yeni tətbiqləri yükləmək və ya mövcud tətbiqləri yeniləmək mümkün olmaya bilər.
        Bu yeni xüsusiyyətdən istifadə etmək üçün əməliyyat sisteminin ən azı 26.4 versiyası tələb olunur. Yeniliyin rəsmi olaraq may ayında yayımlanacaq 26.5 yeniləməsi ilə istifadəyə verilməsi gözlənilir.
        Yeni model həm istifadəçilər, həm də developerlər üçün üstünlüklər vəd edir. İstifadəçilər daha sərfəli illik qiymətlərdən yararlanarkən, developerlər isə daha stabil və uzunmüddətli müştəri bazası əldə edəcəklər.
    Paylaş