Apple 18+ tətbiqlər üçün yaş təsdiqini məcburi edir
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Apple bir çox ölkədə qüvvəyə minən yeni yaş yoxlama tələblərinə uyğun olaraq yaş təsdiqi alətlərini genişləndirib. Şirkət bildirib ki, tərtibatçılar üçün təqdim olunan yeni imkanlar ABŞ və digər regionlarda qüvvəyə minəcək qanunlara uyğun yaş yoxlamasını asanlaşdıracaq.
Yeniliklərə əsasən, Avstraliya, Braziliya və Sinqapurda istifadəçilər yaşı “məqbul üsullarla” təsdiqlənmədiyi halda 18+ reytinqli tətbiqləri yükləyə bilməyəcəklər. Bu təsdiq prosesi App Store vasitəsilə avtomatik yoxlanıla biləcək. Bununla belə, Apple vurğulayır ki, bəzi hallarda tərtibatçılar istifadəçilərin yetkinlik yaşını ayrıca və müstəqil şəkildə təsdiqləmək öhdəliyi daşıya bilərlər.
Bu məqsədlə şirkət ötən il təqdim etdiyi Declared Age Range API-ni yeniləyib. Sözügedən API tətbiq sahiblərinə istifadəçinin yaş aralığı haqqında məlumat əldə etməyə imkan verir. Bundan əlavə, Utah ştatında 6 maydan, Luizianada isə 1 iyuldan etibarən yeni Apple hesabı yaradan istifadəçilərin yaş kateqoriyası, tərtibatçı tərəfindən sorğu göndərildiyi halda, API vasitəsilə tətbiqlərlə paylaşılacaq.
Apple həmçinin bildirir ki, API-yə əlavə edilən yeni siqnallar vasitəsilə tərtibatçılar istifadəçiyə yaşla bağlı hüquqi tələblərin tətbiq olunub-olunmadığını və yaş aralığının paylaşılmasının məcburi olub-olmadığını öyrənə biləcəklər. Eyni zamanda, sistem azyaşlı istifadəçilər üçün tətbiqdə əhəmiyyətli yeniləmələr zamanı valideyn və ya qəyyum icazəsinin tələb edilib-edilmədiyini də göstərəcək.
Paylaş