Apple 2026-cı ildən App Store-da daha çox reklam göstərəcək
Technote.az "Apple Insider” platformasına istinadən bildirir ki, Apple 2026-cı ildən etibarən App Store-da axtarış nəticələri zamanı daha çox reklam göstərməyə hazırlaşır. Şirkət rəsmi olaraq açıqlayıb ki, yeni reklam formatları axtarış nəticələrinin içində, yəni tətbiqlərin siyahısı arasında yerləşdiriləcək. Mövcud reklamlar isə əvvəlki kimi nəticələrin ən yuxarı hissəsində qalacaq.
Apple reklam verənlərə göndərdiyi məlumatda vurğulayıb ki, bu yeni reklam yerlərində görünmək üçün əlavə heç bir addım atmağa ehtiyac yoxdur. Eyni zamanda, reklam verənlər bu mövqelər üçün ödəniş edərək üstünlük əldə edə bilməyəcəklər. Şirkətin bildirdiyinə görə, tətbiqin axtarış sorğusu ilə uyğunluğu əsas meyar olaraq qalır. Əgər tətbiq istifadəçinin axtardığı mövzu ilə əlaqəli deyilsə, nə qədər yüksək büdcə ayrılmasından asılı olmayaraq reklam olaraq göstərilməyəcək. Reklam verənlər əvvəlki kimi reklam vizuallarının müxtəlif versiyalarını hazırlaya biləcəklər. Bu, fərqli auditoriyalara və açar sözlərə uyğun reklam məzmunu yaratmağa imkan verir. Əgər xüsusi dizayn təqdim olunmazsa, Apple tətbiqin məhsul səhifəsinə əsaslanan standart reklam formatından istifadə edəcək.
Paylaş