Apple açıqladı: App Store əməliyyatlarının 90 %-i komissiyasız həyata keçirilib
Apple şirkəti illik Ümumdünya Tərtibatçılar Konfransı (WWDC 2025) öncəsi App Store ekosisteminə dair yeni statistikaları açıqlayıb. Şirkətin məlumatına görə, 2025-ci ildə App Store vasitəsilə həyata keçirilən ümumi satış və hesablaşmaların həcmi 1,4 trilyon dollara çatıb. Bu göstərici ötən il açıqlanan 1,3 trilyon dollarlıq nəticədən daha yüksəkdir. Apple vurğulayır ki, bu məbləğ yalnız tətbiqdaxili satınalmaları deyil, həm də tətbiqlər vasitəsilə satılan fiziki məhsul və xidmətləri əhatə edir. Şirkətin açıqlamasına əsasən, 1,4 trilyon dollarlıq iqtisadi fəaliyyətin 90 %-i üzrə tərtibatçılar Apple-a heç bir komissiya ödəməyiblər.
Ümumi göstəricinin 1,1 trilyon dollarını fiziki məhsul və xidmət satışları təşkil edib. Buraya onlayn alış-veriş, ərzaq çatdırılması, taksi sifarişi, səyahət xidmətləri və digər kateqoriyalar daxildir. Rəqəmsal məhsul və xidmətlər üzrə satışlar isə 149 milyard dollar olub. Apple məhz bu kateqoriyada həyata keçirilən əməliyyatlardan adətən 15 %-30 % arasında komissiya əldə edir.
Şirkət həmçinin bildirib ki, tətbiqdaxili reklam gəlirləri 2025-ci ildə 151 milyard dollara yüksəlib. Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən il 150 milyard dollar təşkil etmişdi. Apple-ın təqdim etdiyi statistikaya görə, 2025-ci ildə App Store-un həftəlik orta istifadəçi sayı 175 ölkə və region üzrə 850 milyonu ötüb. Şirkət xüsusilə süni intellekt əsaslı tətbiqlərin sürətli inkişafına diqqət çəkib. Belə ki, 2025-ci ildə App Store-un ən populyar 100 tətbiqindən 40-ı istifadəçilərə yönəlmiş süni intellekt funksiyalarına sahib olub. Apple bildirir ki, bu tətbiqlər digər populyar tətbiqlərlə müqayisədə daha yüksək gəlir artımı nümayiş etdiriblər.
Paylaş