Apple App Store işi üzrə mübarizəni davam etdirir
Apple Böyük Britaniyada App Store ilə bağlı ona qarşı açılmış antimonopoliya işi üzrə verilmiş təxminən 2 milyard dollarlıq cəriməni ödəmək niyyətində deyil. İlk olaraq The Guardian nəşrinin yaydığı məlumata görə, Apple işi daha yüksək instansiyaya, UK Court of Appeal-ə daşımaq üçün müraciət edib.
Bu addım ötən ilin oktyabrında Competition Appeal Tribunal (CAT) tərəfindən verilən qərardan sonra atılıb. Həmin qərarda məhkəmə Apple-ın App Store vasitəsilə bazardakı dominant mövqeyindən sui-istifadə etdiyini və tərtibatçılardan həddindən artıq yüksək komissiya tutduğunu müəyyən edib. Nəticədə şirkətə 1,5 milyard funt sterlinq (təxminən 2 milyard dollar) cərimə kəsilib.
Apple isə qərarla razılaşmayaraq bildirib ki, məhkəmə inkişaf edən və rəqabətli tətbiq iqtisadiyyatına yanlış yanaşma sərgiləyir. CAT Apple-ın birbaşa apellyasiya müraciətini qəbul etmədiyi üçün şirkət indi daha yüksək məhkəmə instansiyasına üz tutub. Rəsmi açıqlama olmasa da, Apple-ın əsas etiraz nöqtələrindən birinin məhkəmənin təklif etdiyi 15–20 faiz komissiya dərəcəsi olduğu bildirilir. Bu rəqəm hazırkı 30 faizlik komissiya ilə müqayisədə xeyli aşağıdır və məhkəmənin öz ifadəsi ilə desək, “təxmini hesablamalar” əsasında müəyyən edilib.
Əgər yekunda cərimə qüvvədə qalarsa, həmin vəsait 2015–2024-cü illər arasında App Store-da ödəniş edən Böyük Britaniya istifadəçiləri arasında bölüşdürüləcək.
Paylaş