Apple Avropadakı ilk Developer Center-i Berlində açır
Apple Avropadakı proqramçı ekosistemini daha da gücləndirmək üçün qitədəki ilk Apple Developer Center-i Almaniyanın paytaxtı Berlin şəhərində açacağını elan edib. Yeni mərkəzin 2026-cı ilin sonlarında fəaliyyətə başlaması planlaşdırılır. Apple Developer Center proqramçıların Apple platformaları üçün tətbiqlər hazırlamasına dəstək göstərən xüsusi mərkəzlərdir. Şirkət indiyədək müxtəlif ölkələrdə bu cür təşəbbüslər həyata keçirsə də, Berlin mərkəzi Avropada açılan ilk belə obyekt olacaq.
Yeni mərkəzdə proqramçılar Apple mütəxəssisləri ilə birbaşa əlaqə qurmaq imkanı əldə edəcəklər. Burada fərdi konsultasiyalar, seminarlar, praktiki təlimlər və müxtəlif mövzularda tədbirlər təşkil olunacaq. Məqsəd proqramçıların bilik və bacarıqlarını artırmaq, həmçinin Apple ekosistemində daha keyfiyyətli tətbiqlərin hazırlanmasına dəstək verməkdir. Mərkəzdə həmçinin Apple ekspertlərinin dəstəyi ilə işləyəcək xüsusi laboratoriyalar və konsultasiya zonaları yaradılacaq. Xidmətlər bir neçə dildə təqdim ediləcək ki, bu da Avropanın müxtəlif ölkələrindən olan proqramçıların mərkəzdən rahat istifadə etməsinə imkan verəcək.
Berlin Developer Center-i Apple-ın Avropadakı proqramçı icmasına yatırdığı ən böyük təşəbbüslərdən biri hesab olunur və şirkətin regionda ekosistemini daha da genişləndirmək planlarının bir hissəsidir.
Paylaş