main-post-cover

    Apple aylıq abunəlik qarşılığında iPhone və iPad modellərinin icarəsi xidməti üzərində çalışır

    Cihazlar+
    25.03.2022
    Emil Nəcəfov
        Bloomberg saytının jurnalisti Mark Gurman-ın verdiyi məlumata əsasən Apple şirkəti aylıq abunəlik qarşılığında istifadəçilərə iPhone iPad modellərinin icarəyə verilmə konsepsiyası üzərində çalışır. Bu cür xidmət artıq gələn il istifadəyə verilə bilər. Bu cür addım Apple şirkətinin aylıq abunəlik qarşılığında müxtəlif xidmətlərin təklif edilməsi strategiyasına tamamilə uyğun gəlir. Son illərdə Apple əsas diqqətini aylıq ödəniş qarşılığında müxtəlif servislərin istifadəyə verilməsinə yönəldib. Bu cür servislər arasında Apple Music, Apple TV+, Apple News+, Apple Fitness+Apple Arcade kimi servislər var. Şirkət üçün bu cür servislər ciddi əlavə gəlir mənbəyinə çevriliblər.
        Bundan əlavə olaraq bu servislərdən çoxu artıq vahid Apple One paketində də birləşib. Onu da qeyd etmək lazımdır ki, şirkət artıq hardware sahəsində də abunəlik servisini təqdim edir. Bu cür sistem hələ 2019-cu ildə AppleCare zəmanətinin imkanlarının genişləndirilməsi üçün təklif edilmişdi. Verilmiş məlumata əsasən Apple şirkətinin aylıq bunəlik qarşılığında iPhone xidməti təkcə smartfonun öz qiymətinin 12 və ya 24 ay ərzində aylıq ödənişlər şəklində ödənilməsini təklif etməyəcək. Bu xidmət həmçinin müəyyən ödəniş limitinin keçməsindən sonra istifadə olunan iPhone-nun daha yeni model ilə əvəz edilməsi imkanını da özündə birləşdirəcək.
        Digər Apple servisləri kimi bu xidmət də Apple ID hesabına bağlı olacaq və AppleCare ilə Apple One kimi digər servislərlə birləşə biləcək. Çətin ki, şirkət qısa müddət üçün iPhone və ya iPad modelini icarəyə götürmək imkanını təqdim etsin. Belə ki, bu və ya digər cihazı 1-2 aylıq istifadə üçün təqdim etmək şirkətə sərf etməyəcək. Buna görə də bu məsələdə daha uzunmüddətli istifadə lazımdır. Apple şirkətinin bu yeni xidməti barəsində məlumat hələ çox azdır. Lakin aydın olan odur ki, şirkət aylıq abunəlik qarşılığında təklif edilən xidmətlər sahəsini inkişaf etdirməkdə davam edəcək. Cihazların icarəyə verilməsi isə onlardan biridir.
    Linki kopyala