Apple batareya ömrünü artırır
Apple-ın gələn il təqdim etməsi gözlənilən iPhone 18 Pro Max modeli ilə bağlı yeni sızıntılar cihazın batareya ömründə nəzərəçarpacaq artım olacağını göstərir. Lakin bu üstünlük istifadəçilər üçün müəyyən kompromislərlə də müşayiət oluna bilər. Məlumata görə, yeni model əvvəlki nəsildən həm bir qədər ağır, həm də daha qalın olacaq. Məşhur insayder Ice Universe iddia edir ki, iPhone 18 Pro Max 5.500 mAh tutumlu batareya ilə təchiz ediləcək. Müqayisə üçün qeyd edək ki, iPhone 17 Pro Max modelində bu göstəricinin 5.088 mAh olduğu bildirilir. Bu isə təxminən 8 %-lik batareya tutumu artımı deməkdir və nəticədə cihazın işləmə müddətinin də əhəmiyyətli dərəcədə uzanacağı gözlənilir.
Sızıntıya əsasən, daha böyük batareyanın yerləşdirilməsi üçün cihazın fiziki ölçülərində də dəyişiklik ediləcək. Belə ki, iPhone 18 Pro Max-ın çəkisinin 233 qramdan 240 qrama, qalınlığının isə 8,75 mm-dən 9 mm-ə yüksələcəyi iddia olunur. Bundan əvvəl yayılan digər məlumatlarda da iPhone 18 Pro Max-ın daha qalın olacağı bildirilmişdi. Lakin həmin mənbələr qalınlığın artmasını əsasən arxa kamera modulunun böyüməsi ilə əlaqələndirirdi. Yeni sızıntı isə bunun əsas səbəbinin daha iri batareya olduğunu irəli sürür.
Bununla belə, bu məlumatların hələlik rəsmi təsdiqi yoxdur. Həm Ice Universe, həm də digər mənbələrin əvvəlki proqnozları tam dəqiq olmayıb. Buna görə də cihazın yekun dizaynı və texniki xüsusiyyətləri yalnız Apple-ın rəsmi təqdimatından sonra məlum olacaq.
Paylaş