Logo
    main-post-cover

    Apple Braziliyada iOS üçün üçüncü tərəf tətbiq mağazalarına icazə verir

    Cihazlar+
    24.12.2025
    Sevinc
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Apple gələn ildən etibarən Braziliyada iOS əməliyyat sistemində üçüncü tərəf tətbiq mağazalarına icazə verəcək. Bu qərar şirkətin Braziliyanın rəqabət tənzimləyicisi olan CADE ilə 2022-ci ildən davam edən hüquqi mübahisəni razılaşma yolu ilə həll etməsindən sonra qəbul edilib. CADE tərəfindən yayımlanan rəsmi açıqlamaya əsasən, qurum Apple-ın təqdim etdiyi “Öhdəliyin Dayandırılması Müqaviləsi”ni (TCC) təsdiqləyib. Bu razılaşmaya görə, Apple Braziliyada iOS istifadəçilərinə üçüncü tərəf tətbiq mağazalarını quraşdırmağa imkan verməli və tətbiq tərtibatçılarına Apple-ın daxili ödəniş sistemi xaricində alternativ ödəniş üsullarından istifadə etməyə icazə verməlidir.
    Apple aims to debut a new low-cost 5G iPhone and iPad in early March - Los  Angeles Times
        Bununla belə, Apple bu yeni model çərçivəsində müəyyən komissiya haqları tətbiq etmək hüququnu saxlayacaq. Həmin haqların strukturu açıqlamada dəqiq göstərilməyib. Eyni zamanda, üçüncü tərəf mağazalar və xarici ödəniş sistemləri ilə bağlı istifadəçilərə təqdim olunan xəbərdarlıqların neytral dildə yazılması tələb olunur. Apple bu günə qədər iOS-un daha açıq hala gətirilməsinin platformanın təhlükəsizliyinə risk yarada biləcəyini iddia edirdi. Lakin şirkət artıq Avropa və Yaponiyada oxşar tələblərə əməl etməyə məcbur olub, ABŞ-də isə tətbiqlərə xarici ödəniş linklərindən istifadə imkanı verilir.
        Razılaşmaya əsasən, Apple-ın bu dəyişiklikləri həyata keçirmək üçün 105 gün vaxtı var. Əgər şirkət öhdəliklərini yerinə yetirməzsə, ona 27 milyon dollar qədər cərimə tətbiq oluna bilər.
    Paylaş