Apple Broadcom-a 30 milyard dollardan çox sərmayə ayırır
Apple ABŞ-də istehsalı artırmaq istiqamətində daha bir mühüm addım atıb. Şirkət Broadcom ilə dəyəri 30 milyard dollardan çox olan uzunmüddətli əməkdaşlıq müqaviləsi imzalayıb. Razılaşmaya əsasən, Apple məhsulları üçün nəzərdə tutulan 15 milyarddan çox xüsusi simsiz bağlantı çipi ABŞ-də hazırlanacaq və istehsal ediləcək.
Müqavilə çərçivəsində Apple, Broadcom-un Kolorado ştatının Fort Kollinz şəhərindəki istehsal müəssisəsinin genişləndirilməsi üçün 1,5 milyard dollar kapital sərmayəsi yatıracaq. Şirkətlər artıq uzun illərdir əməkdaşlıq edir və Broadcom hazırda Apple-ın simsiz rabitə komponentləri üzrə əsas təchizatçılarından biridir. Bu razılaşma Apple-ın növbəti dörd il ərzində ABŞ iqtisadiyyatına 600 milyard dollar investisiya yatırmaq planının tərkib hissəsidir. Şirkət bu öhdəliyi ABŞ administrasiyasının yerli istehsalın artırılması ilə bağlı təzyiqlərinin fonunda açıqlayıb.
Xatırladaq ki, ötən il Donald Tramp Apple-ı iPhone istehsalını ölkəyə köçürməyə çağırmış, əks halda yeni gömrük rüsumları tətbiq edilə biləcəyini bildirmişdi. Daha sonra bu qərardan geri çəkilsə də, iPhone-ların əsas yığım prosesi hələ də ABŞ xaricində həyata keçirilir.
Paylaş
