Logo
    main-post-cover

    Apple Çində App Store komissiyasını 25 %-ə endirdi

    Cihazlar+
    13.03.2026
    Ilhama
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple Çində tətbiq tərtibatçıları üçün App Store komissiya faizini azaltmaq qərarı verib. Şirkət yeni qərara əsasən standart 30 % komissiya dərəcəsini 25 %-ə endirir. Bu dəyişiklik Çində tənzimləyici qurumların uzun müddətdir davam edən təzyiqlərindən sonra həyata keçirilir.
        Son illərdə Çin tənzimləyiciləri App Store-un tətbiq və tətbiqdaxili alışlar üçün aldığı 30 %-lik komissiyanı tez-tez tənqid edirdi. Müzakirələr xüsusilə 2025-ci ildə ABŞ ilə Çin arasında ticarət gərginliyinin artdığı dövrdə daha da güclənmişdi.
        Apple tərtibatçılar üçün etdiyi açıqlamada bildirib ki, yeni komissiya dərəcələri 15 mart tarixindən qüvvəyə minəcək. Yeni qaydalara əsasən, tətbiqdaxili alışlar və ödənişli tətbiqlər üçün komissiya 30 %-dən 25 %-ə düşür.
        Bundan əlavə, kiçik tərtibatçılar üçün nəzərdə tutulan Small Business Program və Çində geniş istifadə olunan super tətbiqlər üçün yaradılmış Mini Apps Partner Program çərçivəsində komissiya 15 %-dən 12 %-ə endiriləcək.
        Apple bildirib ki, məqsəd Çində iOS və iPadOS platformasını tərtibatçılar üçün daha əlverişli və rəqabətli biznes mühiti kimi qorumaqdır. Şirkət həmçinin qeyd edib ki, App Store komissiyaları digər bazarlardakı ümumi dərəcələrdən yüksək olmayacaq.
        Yeni şərtlər avtomatik tətbiq olunacaq, lakin tərtibatçılar yenilənmiş müqavilə şərtlərini qəbul etməlidirlər. Bununla belə, bu dəyişikliklərin Çin tənzimləyicilərinin gələcək mümkün tədbirlərinin qarşısını alıb-almayacağı hələlik məlum deyil.
    Paylaş