Apple-dan yeni AI cihazları: Eynək, boyunbağı və kameraya sahib AirPods
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Apple süni intellekt əsaslı yeni geyilə bilən cihazlar üzərində işləyir. Bloomberg-dən Mark Gurman-ın məlumatına görə, şirkət ilk smart eynəyini, süni intellektlə işləyən “pendant” (boyunbağı tipli cihaz) və kameralı yeni nəsil AirPods modellərini bazara çıxarmağı planlaşdırır.
Məlumata əsasən, hər üç cihazda daxili kamera olacaq və onlar iPhone ilə inteqrasiya ediləcək. Bu inteqrasiya sayəsində Siri istifadəçinin gördüyü mühiti “vizual kontekst” əsasında analiz edə və uyğun əmrləri yerinə yetirə biləcək. Apple-ın smart eynəyinin istehsalına 2026-cı ilin dekabrında başlanılması, rəsmi təqdimatın isə 2027-ci ildə baş tutması planlaşdırılır. Bu model Meta-nın smart eynəkləri ilə birbaşa rəqabət aparacaq.
Yeni eynəkdə daxili displey olmayacaq. Lakin o, aşağıdakı funksiyaları dəstəkləyəcək:
- Telefon zəngləri etmək
- Siri ilə səsli qarşılıqlı əlaqə
- Musiqi dinləmək
- Ətraf mühitə əsaslanan əmrlər icra etmək
Məsələn, istifadəçi yemək masasında əyləşərkən eynək vasitəsilə yeməyin tərkibi barədə sual verə bilər. Siri vizual analiz əsasında cavab təqdim edəcək. Eyni zamanda, cihaz:
- Görülən obyektləri tanıya biləcək
- Naviqasiya zamanı landşaft və məkanları müəyyən edə biləcək
- Müəyyən situasiyada tapşırıqları xatırlada biləcək
İlkin prototiplərdə eynək kabel vasitəsilə iPhone və batareya blokuna qoşulurdu. Lakin yeni versiyalarda bütün komponentlərin birbaşa çərçivəyə yerləşdirilməsi planlaşdırılır. Apple dizaynı üçüncü tərəf brendlərə həvalə etməyi düşünmür və çərçivəni öz daxilində hazırlamaq niyyətindədir. Şirkət eyni zamanda displeyli, daha inkişaf etmiş AI eynək üzərində də işləyir, lakin onun təqdimatı hələ uzun illər çəkə bilər.
Paylaş