
2017-ci ildə iPhone X satışa çıxdığı vaxtdan Apple şirkəti öz smartfonlarında Touch ID əvəzinə Face ID texnologiyasına üstünlük verib. Lakin bununla belə şirkət Touch ID texnologiyasını büdcəli iPhone SE seriyasında, iPad mini 6-da və MacBook modellərində istifadə etməyə davam edir. İstifadəçilər isə iPhone-lara sözügedən texnologiyanın geri qayıtmasını gözləyirlər. Ortaya çıxmış yeni məlumata əsasən Apple ekrana inteqrasiya edilmiş Touch ID texnologiyasına sahib iPhone-nu satışa çıxarda bilər. Lakin bu, bir neçə ildən sonra baş tutacaq.
Məlumata əsasən şirkət ilk növbədə iPhone-larda Face ID texnologiyasını ekranın alt hissəsinə inteqrasiya etməyi planlaşdırır. Daha sonrakı mərhələdə isə Touch ID texnologiyasının ekrana inteqrasiyası reallaşdırıla bilər. Gözləntilərə əsasən Apple iPhone-larda Face ID texnologiyasını ekranın alt hissəsinə 2025-ci ildə yerləşdirə bilər. 2026-cı ildə isə iPhone ekranlarına Touch ID texnologiyasının inteqrasiyası ehtimalı var. Lakin nəzərə almaq lazımdır ki, ortaya çıxmış bu məlumatlar sadəcə şayiələrdir. Qeyd etmək lazımdır ki, Android smartfonlarda artıq son illər ərzində ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasından istifadə edilir. Apple şirkətinin də bu trendə qoşulub-qoşulmayacağını zaman göstərəcək.
Şərh yoxdur