Apple ilə ABŞ hökuməti arasında yeni gərginlik
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, ABŞ-də Apple-a qarşı açılmış antiinhisar işi yeni mərhələyə keçib. Maraqlı məqam odur ki, bu dəfə diqqət Apple-a deyil, məhkəmə prosesini başladan ABŞ Ədliyyə Nazirliyinə (DOJ) yönəlib. Şirkət hökuməti məhkəmə prosesini ləngitməkdə və tələb olunan sənədləri təqdim etməməkdə ittiham edir.
Məlumata görə, Apple məhkəməyə təqdim etdiyi yeni sənəddə bildirib ki, ABŞ hökuməti və çağırış göndərilən 14 dövlət qurumu sübutların toplanması prosesində əməkdaşlıq etmir. Şirkət iddia edir ki, hökumət Apple ilə bağlı dövlət qurumlarının daxili qiymətləndirmələrini və sənədlərini təqdim etməkdən yayınır. Apple hesab edir ki, bu sənədlər iş üçün vacibdir. Şirkətin arqumentinə görə, ABŞ dövlət qurumlarının geniş şəkildə iPhone və Apple ekosistemindən istifadə etməsi, təhlükəsizlik və məxfilik baxımından Apple məhsullarına etibar etdiklərini göstərir. Bu isə DOJ-un şirkətə qarşı irəli sürdüyü bəzi antiinhisar iddiaları ilə ziddiyyət təşkil edə bilər.
Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi 2024-cü ildə Apple-a qarşı antiinhisar işi açaraq şirkəti rəqabəti məhdudlaşdırmaqda ittiham etmişdi. İddialara əsasən Apple:
- “Super tətbiqlərin” (super apps) inkişafını məhdudlaşdırır;
- Bulud əsaslı oyun axını (cloud gaming) xidmətlərinə mane olur;
- Üçüncü tərəf mesajlaşma tətbiqlərinin imkanlarını məhdudlaşdırır;
- Apple Watch rəqibləri üçün məhdudiyyətlər yaradır;
- NFC və “tap-to-pay” texnologiyalarına çıxışı məhdud saxlayır.
Apple isə bu ittihamları rədd edir. Şirkət bildirir ki, App Store artıq super tətbiqləri dəstəkləyir, bulud oyunları həm brauzer, həm də App Store vasitəsilə işləyir, üçüncü tərəf mesajlaşma proqramları iPhone-da geniş istifadə olunur. Bundan əlavə, Apple vurğulayır ki, iOS-un yeni versiyalarında üçüncü tərəf ağıllı saatlar üçün imkanlar da genişləndirilib.
Paylaş