Logo
    main-post-cover

    Apple-ın ağıllı eynəkləri məxfiliyə fokuslanacaq

    Cihazlar+
    27.07.2026
    Sevinj
         Mark Qurmanın məlumatına görə, Apple ilk ağıllı eynəklərini gələn ilin iyun ayında keçiriləcək WWDC konfransında təqdim etməyi planlaşdırır. Şirkətin yeni məhsulu 2027-ci ilin sonuna qədər satışa çıxarması gözlənilir. Təqdimatın gecikməsinin səbəblərindən biri isə Apple-ın məxfilik xüsusiyyətlərini və bu sahədəki kommunikasiya strategiyasını tam formalaşdırmaq istəyi ola bilər.
        Ümumilikdə ağıllı eynəklər, xüsusilə də Meta-nın modelləri, istifadəçilərin xəbəri olmadan foto və video çəkə bilməsi ilə bağlı mübahisələrə səbəb olub. Apple üçün isə bu kateqoriyaya daxil olmaq şirkətin on ildən artıqdır vurğuladığı məxfilik prinsipləri baxımından müəyyən risk yarada bilər.
         Bildirildiyinə görə, Apple məxfiliyi qorumaq üçün məlumatların birbaşa cihaz üzərində emalına üstünlük verəcək. Şirkətin üz tanıma və Meta-nın “super sensing” texnologiyasına bənzər daim aktiv çəkiliş imkanları kimi daha çox müzakirə doğuran funksiyalardan uzaq duracağı gözlənilir. Qurman həmçinin Apple-ın istifadəçilərin çəkdiyi görüntülərdən süni intellekt modellərinin təlimi üçün istifadə etməyəcəyini düşünür.
         Bundan əlavə, yeni ağıllı eynəklər üçün müxtəlif hardware və proqram təminatı əsaslı məxfilik funksiyalarının hazırlandığı bildirilir. Apple gələcəkdə kamerasız ağıllı eynək versiyası da təqdim edə bilər. Digər ehtimala görə isə kamera yalnız ətraf mühiti və müxtəlif obyektləri sensor kimi müəyyənləşdirmək üçün istifadə olunacaq və foto və ya video çəkmək imkanına sahib olmayacaq. Bu yanaşmanın Apple-ın süni intellekt xüsusiyyətlərinə malik AirPods modelləri ilə bağlı yayılan iddialara bənzəyəcəyi gözlənilir.
    Paylaş