Apple-ın Grand Central mağazası müvəqqəti bağlanıb
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Nyu-York şəhərində yerləşən və şirkətin ən məşhur satış nöqtələrindən biri olan Apple Grand Central müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Martın 12-13-ü tarixlərində mağazaya gələn müştərilər digər Apple mağazalarına yönləndirilib.
Bağlanmanın səbəbi rəsmi şəkildə açıqlanmasa da, bunun Apple şirkətinin 50 illik yubiley tədbirləri ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Sözügedən mağaza əvvəllər də böyük təqdimatlar və promosyon tədbirləri üçün istifadə olunub. Məsələn, 2025-ci ilin yanvarında burada məşhur Severance serialına həsr olunmuş xüsusi pop-up məkanı qurulmuşdu.
Grand Central Terminal daxilində yerləşən mağaza açıq dizaynı ilə seçilir və normalda stansiyadan tam görünür. Lakin hazırda mağazanın bütün hissəsi ağ panellər və pərdələrlə örtülüb. Bu isə hazırlanmaqda olan yeniliyin mağazanın ümumi görünüşünü əhatə edə biləcəyini göstərir.
Rəsmi məlumat olmasa da, diqqətçəkən digər detal Apple-ın “Today at Apple” proqramıdır. Adətən hər gün keçirilən bu təlim və workshop sessiyaları martın 14-15-i tarixlərində tamamilə ləğv edilib. Bu da mağazada daha böyük bir tədbirin planlaşdırıldığı ehtimalını gücləndirir.
Hazırda bağlanmanın yubiley tədbiri, yeni promosyon kampaniyası və ya sadəcə mağaza yenilənməsi ilə bağlı olub-olmadığı hələ də məlum deyil.
Paylaş