Logo
    main-post-cover

    Apple-ın kameralı AirPods layihəsi dayandırılıb

    Cihazlar+
    03.07.2026
    Sevinj
        Apple-ın üzərində çalışdığı iddia edilən kameralı AirPods modeli yaxın zamanda təqdim olunmaya bilər. İddiayı irəli sürən Kosutami şirkətin bu layihə üzərində işləri "dayandırdığını" bildirib. Kosutami daha əvvəl, 2026-cı ilin fevralında Apple-ın kameralı AirPods hazırladığını və cihazın mövcud AirPods modelləri ilə eyni qiymətə satışa çıxacağını iddia etmişdi. İndi isə əvvəlki paylaşımına sadəcə "Suspended" sözünü əlavə edərək layihənin qeyri-müəyyən müddətə təxirə salındığını bildirib. Maraqlıdır ki, bu məlumat iyun ayının sonunda Bloomberg-in yayımladığı hesabatla ziddiyyət təşkil edir. Həmin hesabatda kameralı AirPods-un inkişafın son mərhələlərində olduğu və məhsulun 2026-cı ildə satışa çıxmaya biləcəyi, lakin təqdimata çox yaxın olduğu qeyd edilirdi.
    Apple Wants To Put A Camera In Your AirPods… To Improve Siri's Visual  Intelligence - Yanko Design
        İlk dəfə analitik Ming-Chi Kuo tərəfindən səsləndirilən məlumata görə, yeni AirPods modelinin qulaqlığın gövdəsində kiçik kameralar yerləşdirməsi planlaşdırılırdı. Bu kameralar istifadəçinin qarşısındakı obyektləri görüntüləyərək Siri və Visual Intelligence sisteminə ətraf mühiti analiz etmək imkanı verəcəkdi. Məsələn, istifadəçi qarşısındakı hər hansı bir obyekt haqqında Siri-yə sual verdikdə, qulaqlıq şəkil çəkə və ya qısa video qeydə alaraq həmin məlumatı süni intellekt vasitəsilə emal edə bilərdi. Apple layihənin dayandırılması ilə bağlı rəsmi açıqlama verməyib. Bunun səbəbi kimi qlobal çip çatışmazlığı, şirkətin digər məhsullara üstünlük verməsi və ya məxfiliklə bağlı narahatlıqlar göstərilir. Çünki kameralı qulaqlığın ətrafdakı insanların məxfiliyinə təsiri ilə bağlı suallar hələ də cavabsız qalır.
    Paylaş