Apple-ın qatlana bilən iPhone modeli yenidən görüntüləndi
Apple-ın ilk qatlana bilən iPhone modeli ilə bağlı yeni görüntülər ortaya çıxıb. İnternetdə yayılan son fotolar cihazın həm açıq, həm də qapalı vəziyyətdə necə görünəcəyinə dair indiyədək ən aydın təsəvvürü yaradır. Məşhur Apple insayderi Sonny Dickson tərəfindən paylaşılan görüntülərdə "iPhone Fold" adlandırılan cihazın maketi əks olunub. Fotolarda smartfonun həm daxili böyük ekranı, həm də xarici ekranı görünür. Açıq vəziyyətdə cihazın bir hissəsində böyük qatlanan ekran, digər hissəsində isə arxa kamera modulu yerləşir. Görüntülər Apple-ın daha əvvəl sızdırılmış CAD təsvirləri ilə də üst-üstə düşür.
Maketdə cihazın qatlanma mexanizmini təmin edən menteşə sistemi də görünür. Qapalı vəziyyətdə isə istifadəçilərin yalnız xarici ekranı görəcəyi, arxa hissədə isə kamera blokunun yerləşəcəyi müşahidə olunur. Sonny Dickson paylaşımında maraqlı bir detalı da qeyd edib. Onun sözlərinə görə, hazırkı mərhələdə Apple-ın qatlana bilən iPhone modelini yalnız ağ rəngdə təqdim etməsi ehtimalı var. İnsayder bildirir ki, şirkətin əlavə rəng seçimləri üzərində işlədiyinə dair əlamətlər görünmür. Bu məlumat daha əvvəl digər tanınmış mənbə olan Instant Digital tərəfindən yayılan iddialarla da uyğunluq təşkil edir. Həmin məlumata əsasən, Apple hələ də qara rəng variantını təqdim edib-etməmək məsələsini müzakirə edir.
Paylaş