Apple-ın sentyabr təqdimatının tarixi ilə bağlı ilk ipucu ortaya çıxıb
Apple-ın ABŞ-dəki pərakəndə satış mağazalarında çalışan əməkdaşları üçün yayımladığı daxili sənəd şirkətin ənənəvi sentyabr təqdimatına hazırlıqların başladığını göstərib. Bloomberg-in əldə etdiyi məlumata görə, Apple tədbirdə işləyəcək mağaza əməkdaşlarını seçmək üçün lotereya təşkil edir. Seçiləcək əməkdaşlar tədbir zamanı qonaqları qarşılamaq, qeydiyyat prosesini idarə etmək, növbələri təşkil etmək, istiqamət göstərmək və təhlükəsizlik komandalarına dəstək vermək kimi vəzifələri yerinə yetirəcəklər.
Müraciətlər avqustun 8-dək qəbul ediləcək, nəticələr isə avqustun 17-də açıqlanacaq. WWDC 2026 və ya 2025-ci ildə keçirilən iPhone təqdimatında iştirak etmiş əməkdaşlar bu seçimdə yer ala bilməyəcəklər. Əslində Apple-ın iri təqdimatlarda mağaza əməkdaşlarından istifadə etməsi yeni deyil. Lakin bu dəfə diqqətçəkən məqam odur ki, şirkət tədbirin keçiriləcəyi dövrü əməkdaşlara əvvəlcədən bildirib. Rəsmi tarix açıqlanmasa da, Bloomberg təqdimatın 9 sentyabr, çərşənbə günü baş tutacağını daha real ehtimal hesab edir.
Gözləntilərə görə, Apple bu tədbirdə ilk qatlana bilən iPhone modelini, həmçinin iPhone 18 Pro, iPhone 18 Pro Max, yeni Apple Watch modelləri və digər məhsulları təqdim edəcək. Bununla belə, şirkət bu məhsullardan heç birini hələ rəsmi şəkildə təsdiqləməyib.
Paylaş
