Apple iPhone 18 Pro üçün böyük kamera yeniliyinə başlayıb
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, iPhone 18 Pro və iPhone 18 Pro Max modellərində istifadə olunacaq ən mühüm kamera yeniliklərindən biri ilə bağlı yeni məlumat ortaya çıxıb. Məlumata görə, uzun müddətdir haqqında danışılan dəyişən diyafram (variable aperture) kamera sistemi üçün əsas komponentlərin istehsalına artıq start verilib.
Cənubi Koreyanın ET News nəşrinin yaydığı məlumata əsasən, bu sistem üçün lazım olan xüsusi aktuator mexanizmi hazırda istehsal mərhələsinə keçib. Bu mexanizm kamera linzalarının hərəkətini təmin edir və kameraya sensorun qəbul etdiyi işıq miqdarını artırıb-azaltmağa imkan verir.
Sənaye mənbələrinin bildirdiyinə görə, komponentlərin istehsalına Çinin Sunny Optical şirkəti başlayıb. Paralel olaraq LG Innotek də Cənubi Koreyanın Gumi şəhərində bu texnologiyanın kütləvi istehsalı üçün hazırlıq görür. Qeyd edək ki, LG Innotek daha əvvəl Apple üçün iPhone 15 Pro Max modelində istifadə olunan tetraprizma kamera sisteminin istehsalında da iştirak etmişdi.
Dəyişən diyafram texnologiyası smartfon kamerasının obyektiv açılışını avtomatik və ya manual şəkildə dəyişməsinə imkan verir. Bu isə istifadəçilərə bir sıra üstünlüklər təqdim edəcək:
- Portret çəkilişlərində daha təbii arxa fon bulanıqlığı (real optik bokeh),
- Parlaq işıqda overexposure probleminin azalması,
- Gecə və zəif işıqda daha yaxşı görüntü keyfiyyəti,
- Dərinlik effektinə daha peşəkar nəzarət.
Hazırda iPhone modellərində “bulanıq fon” effekti əsasən proqram təminatı ilə yaradılır. Yeni sistem isə bunu fiziki optik mexanizm vasitəsilə həyata keçirəcək və DSLR/kamera təcrübəsinə daha yaxın nəticə verəcək.
Paylaş