
Apple iPhone 7 Plus və iPhone 8-i vintaj cihazlar siyahısına daxil edib
Apple daha iki iPhone modelini vintaj cihazlar siyahısına daxil edib. Şirkət vintaj və köhnəlmiş cihazlar siyahısını yeniləyib. Köhnəlmiş cihazların sayı dəyişməyib, lakin vintaj cihazlar sırasına iPhone 7 Plus və iPhone 8 əlavə olunub. iPhone 7 Plus 2016-cı ildə təqdim olunmuşdu və bu model ilk dəfə olaraq iki kameraya sahib iPhone idi və əsas iPhone 7 ilə birlikdə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik girişə sahib olmayan ilk model olmuşdu. iPhone 8 isə 2017-ci ildə buraxılıb və yalnız 64 və 256 GB daxili yaddaş həcmli versiyaları vintaj statusuna daxil edilib (çünki 128 GB-lıq model daha uzun müddət satışda olub). Qeyd edək ki, Apple satışdan çıxarıldığı vaxtdan 5 ildən çox keçdiyi cihazları vintaj hesab edir. Bu cihazlar yalnız ehtiyat hissələri mövcuddursa təmir olunur. Satışdan çıxarıldıqdan 7 il sonra isə Apple bu cihazları köhnəlmiş sayır və onlar üçün heç bir servis xidməti göstərmir.

Paylaş