Apple iPhone-un 20 illiyini xüsusi modellərlə qeyd etməyə hazırlaşır
Apple-ın 2027-ci ilin sonlarında bir neçə böyük məhsul yeniliyini təqdim etməyə hazırlaşdığı bildirilir. Bloomberg-in məlumatına görə, şirkət iPhone-un 20 illik yubileyini xüsusi model, ikinci nəsil qatlanan iPhone və kamera ilə təchiz olunmuş AirPods qulaqlıqları ilə qeyd edə bilər. Məlumata əsasən, Apple hazırda bu cihazların ilkin sınaqlarını həyata keçirir. Şirkətin eyni dövrdə iOS 28 əməliyyat sistemi üzərində də çalışdığı bildirilir.
Ən diqqətçəkən yeniliklərdən biri süni intellekt imkanlarına malik kamera ilə təchiz ediləcək AirPods modelidir. İddialara görə, bu kameralar foto çəkmək üçün deyil, ətraf mühiti analiz etmək və istifadəçiyə məlumat təqdim etmək məqsədi daşıyacaq. Məsələn, istifadəçi Siri-dən soyuducudakı məhsullara əsasən yemək təklifi istəyə biləcək. Kameraların AirPods-un gövdəsində yerləşdirilməsi və aktiv olduqda işıq indikatoru ilə xəbərdarlıq etməsi gözlənilir. Qeyd olunur ki, bu məhsulun daha əvvəl təqdim edilməsi planlaşdırılsa da, Apple Intelligence texnologiyalarının inkişafı səbəbindən layihənin təxirə salındığı ehtimal edilir.
Hesabatda həmçinin iPhone-un 20 illiyi münasibətilə xüsusi modelin hazırlanmasından bəhs edilir. Bu cihazın çərçivəsiz ekran dizaynına sahib ola biləcəyi iddia olunur. Apple daha əvvəl də iPhone-un 10 illiyi münasibətilə iPhone X modelini təqdim etmişdi.
Paylaş