Apple iPhone X-a rəsmi dəstəyi dayandırdı
Apple daha iki məşhur cihazına rəsmi texniki dəstəyi dayandırır. Şirkət 2017-ci ildə təqdim etdiyi iPhone X və 2018-ci il istehsalı 15 düymlük MacBook Pro modelini “obsolete”, yəni köhnəlmiş məhsullar siyahısına əlavə edib. iPhone X Apple tarixində əhəmiyyətli modellərdən biri hesab olunur. 2017-ci ildə təqdim edilən smartfon şirkətin ekranın yuxarı hissəsində “notch” adlandırılan çıxıntıdan istifadə etdiyi ilk iPhone olmuşdu. Bununla yanaşı, iPhone X klassik Home düyməsindən imtina edərək Face ID sisteminə keçidi və ekran çərçivələrinin əhəmiyyətli dərəcədə kiçilməsini də gətirmişdi.
Cihazın köhnəlmiş məhsullar siyahısına daxil edilməsi o deməkdir ki, Apple Store və Apple-ın səlahiyyətli servis mərkəzləri artıq iPhone X üçün rəsmi aparat təmiri və servis xidməti göstərməyəcək. Model artıq yeni iOS versiyalarını da əldə etmir. Apple eyni zamanda 2018-ci ilin 15 düymlük MacBook Pro modelini də köhnəlmiş məhsullar sırasına daxil edib. Sözügedən MacBook Pro Intel prosessoru ilə təchiz olunmuşdu. Apple 2020-ci ildə ilk M1 prosessorlu MacBook modellərini təqdim etdikdən sonra tədricən Intel çiplərindən tamamilə imtina edib.
Paylaş
