Apple istifadəçilərin etirazından sonra Hide My Email qərarını dəyişdi
Apple istifadəçilərin tənqidinə səbəb olan qərarından geri addım ataraq Hide My Email xidmətində yaradılan gizli e-poçt ünvanlarını @icloud.com domenində saxlamağa qərar verib. Hide My Email iCloud+ abunəçiləri üçün nəzərdə tutulmuş məxfilik funksiyasıdır. Bu xidmət istifadəçinin real e-poçt ünvanını saytlara vermədən qeydiyyatdan keçməsinə imkan yaradır. Sistem istifadəçi üçün təsadüfi və unikal @icloud.com ünvanı yaradır, həmin ünvana göndərilən məktublar isə avtomatik olaraq istifadəçinin əsas e-poçtuna yönləndirilir.
Bu sistemin əsas üstünlüklərindən biri yaradılan ünvanların adi iCloud e-poçtlarından asanlıqla fərqləndirilə bilməməsidir. Beləliklə, saytların Hide My Email ünvanlarını müəyyən edib bloklaması daha çətin olur. Apple bu ilin əvvəlində Hide My Email vasitəsilə yaradılan ünvanları @icloud.com əvəzinə @private.icloud.com domeninə keçirməyi planlaşdırdığını açıqlamışdı. Lakin istifadəçilər Reddit və digər sosial platformalarda bu dəyişikliyi tənqid edirdilər. Onların fikrincə, ayrıca domenin istifadəsi saytlara Hide My Email ünvanlarını asanlıqla müəyyənləşdirmək və qeydiyyat zamanı qəbul etməmək imkanı verə bilərdi. Bu isə xidmətin məxfilik baxımından əsas üstünlüklərindən birini zəiflədirdi.
Şirkət indi əvvəlki qərarından imtina edib. Apple bazar ertəsi verdiyi açıqlamada Hide My Email ünvanlarının @icloud.com domenində qalacağını təsdiqləyib. Apple qərarın niyə dəyişdirildiyini rəsmi şəkildə açıqlamayıb. Daring Fireball müəllifi John Gruberin məlumatına görə, Apple daxilində də @private.icloud.com domeninə keçid planına qarşı çıxan əməkdaşlar olub.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...