Logo
    main-post-cover

    Apple İtaliyada 115 milyon dollar cərimələndi

    Cihazlar+
    26.12.2025
    Sevinc
        Technote.az “Ars Technica” platformasına istinadən bildirir ki, Apple İtaliyanın rəqabət qurumu tərəfindən 115 milyon dollar məbləğində cərimələnib. Səbəb kimi, şirkətin App Store-da tətbiq etdiyi App Tracking Transparency (ATT) adlı məxfilik siyasətinin üçüncü tərəf tətbiq tərtibatçıları üçün həddindən artıq yükləyici olması göstərilib.
        İtaliyanın Italian Competition Authority (Rəqabət Qurumunun) yaydığı açıqlamada bildirilib ki, Apple 2021-ci ildə tətbiq etdiyi ATT qaydaları ilə tətbiq istehsalçılarını eyni məlumat toplama prosesi üçün istifadəçilərdən iki dəfə razılıq almağa məcbur edib. Bu isə xüsusilə kiçik və orta tərtibatçılar üçün ciddi çətinliklər yaradıb. Qurumun fikrincə, ikiqat razılıq tələbi bir çox tətbiqin reklam gəlirlərinin kəskin azalmasına səbəb olub. İstifadəçilər fərdiləşdirilmiş reklamlara razılıq vermədiyi üçün tərtibatçılar gəlir itkiləri ilə üzləşiblər. Eyni zamanda, tənzimləyici qurum hesab edir ki, bu vəziyyətdən Apple özü dolayı yolla faydalanıb: həm App Store komissiyalarının artması, həm də Apple-ın öz reklam xidmətlərinin böyüməsi hesabına.
    Apple Via del Corso opens Thursday, May 27, in Rome - Apple
        Açıqlamada vurğulanır ki, Apple-ın reklam bölməsi eyni dərəcədə sərt qaydalara tabe olmadığı üçün bazarda üstün mövqeyə malik olub. Tənzimləyici qurum əlavə edib ki, Apple istifadəçi məxfiliyini qorumaq məqsədinə tək mərhələli razılıq mexanizmi ilə də nail ola bilərdi və mövcud yanaşma bu məqsədlə proporsional deyil. İtaliya qurumu Apple-ın məxfilik sahəsində əlavə qoruyucu addımlar atmasına etiraz etmədiyini bildirsə də, bu konkret halda şirkətin dominant bazar mövqeyindən sui-istifadə etdiyini və reklam əsaslı biznes modellərinə real zərər vurduğunu qeyd edib.
        Apple isə qərarla razılaşmadığını açıqlayıb və apellyasiya şikayəti verəcəyini bildirib. Şirkət ATT-nin bütün tərtibatçılara, o cümlədən Apple-ın özünə eyni şəkildə tətbiq olunduğunu və iOS istifadəçiləri üçün vacib məxfilik qoruması təmin etdiyini müdafiə edir.
    Paylaş