Apple keramika korpuslu Apple Watch-u geri qaytara bilər
Apple uzun fasilədən sonra keramika korpuslu Apple Watch modellərini yenidən satışa çıxarmağa hazırlaşır. Bloomberg-dən Mark Qurmanın məlumatına görə, keramika korpus seçimi 2026-cı ilin sonlarında və ya 2027-ci ildə Apple Watch seriyasına geri qayıda bilər. Keramika Apple Watch tarixində ən premium və bahalı korpus materiallarından biri olub. Apple bu materialdan ilk dəfə 2016-cı ildə təqdim edilən Apple Watch Series 2 Edition modelində istifadə etmişdi. Həmin vaxt saat ağ keramika korpusla satışa çıxarılmışdı. Series 3-də isə ağ rənglə yanaşı boz keramika seçimi də təklif olunurdu.
Şirkət 2018-ci ildə Series 4 ilə keramika versiyasından imtina etsə də, 2019-cu ildə Apple Watch Series 5 Edition ilə onu yenidən geri qaytardı. Lakin bu dönüş də uzun sürmədi və Series 6-dan etibarən keramika Apple Watch modelləri satışdan çıxarıldı. İndi isə Apple-ın təxminən yeddi illik fasilədən sonra bu materialı yenidən istifadə etməyə hazırlaşdığı bildirilir. Məlumata əsasən, saatın ümumi dizaynında ciddi dəyişiklik gözlənilmir və əsas yenilik məhz premium keramika korpus seçiminin geri qayıtması olacaq.
Yeni keramika Apple Watch-un qiyməti barədə hələlik məlumat yoxdur. Bununla belə, əvvəlki modellərin qiymətləri onun kifayət qədər bahalı olacağını göstərir. Məsələn, standart Apple Watch Series 5-in qiyməti 399 dollardan başladığı halda, keramika versiyası ölçüsündən asılı olaraq 1299–1349 dollara satılırdı. Apple-ın keramika korpusu hansı Apple Watch modeli ilə geri qaytaracağı və onun hansı rənglərdə təqdim ediləcəyi hələlik məlum deyil.
Paylaş
