Apple M5 Max prosessorlu yeni iMac Pro üzərində işləyir
Apple 2017-ci ildə təqdim etdiyi iMac Pro modelindən sonra bu seriyanı yeniləməmişdi. Intel Xeon prosessorlu həmin model 2021-ci ildə rəsmi olaraq satışdan çıxarıldı və Apple-ın öz prosessorlarına keçidindən sonra iMac Pro-nun geri dönüb-dönməyəcəyi sual altındaydı. İndi isə yeni sızıntılar bu sualı yenidən gündəmə gətirib.
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, MacRumors-un diqqət çəkdiyi kernel debug kit fayllarına əsasən, Apple mühəndisləri tərəfindən istifadə olunan daxili test sənədlərində yeni iMac Pro modelinə dair istinadlar yer alır. Bu fayllar əsasən Weibo və BiliBili kimi Çin platformalarında yayılıb və bəzən hələ təqdim olunmamış Apple məhsulları barədə ipucları verir. Sənədlərdə “J833c” identifikatoruna malik bir iMac modelindən və onun “H17C” platformasında çalışdığından bəhs olunur. H17C platforması isə “Sotra C” kod adlı Apple M5 Max prosessoru ilə əlaqələndirilir. Bu da Apple-ın M5 Max çipli yeni iMac Pro üzərində işlədiyini göstərir.
Qeyd etmək lazımdır ki, daxili test fayllarında yer alan hər bir məhsulun bazara çıxacağına zəmanət yoxdur. Apple tez-tez satışa çıxmayan müxtəlif konfiqurasiyaları sınaqdan keçirir. Buna baxmayaraq, Bloomberg jurnalisti Mark Gurman və analitik Ming-Chi Kuo kimi etibarlı mənbələr Apple-ın uzun müddətdir yeni iMac üzərində işlədiyini və bunun Apple Silicon əsaslı olacağını bildirirlər. Sızıntılarda digər cihazlara da işarə edilir. Bunlara M6 Pro və M6 Max prosessorlu MacBook Pro modelləri, M5 çipli MacBook Air, M5 və M5 Pro çipli Mac mini modelləri, həmçinin M5 Max və M5 Ultra prosessorlu yeni Mac Studio daxildir. Bundan əlavə, iPhone prosessoru ilə təchiz olunacaq daha ucuz bir MacBook modelindən də bəhs olunur ki, bu barədə şayiələr yay aylarından dolaşırdı.
Əgər M5 Max prosessorlu iMac Pro təqdim olunarsa, o, hazırda satışda olan M4 iMac-dən daha yuxarı mövqedə yer alacaq. M4 iMac güclü olsa da, peşəkar istifadəçilər üçün lazım olan konfiqurasiyaları təqdim etmir. Yeni iMac Pro isə Apple-ın masaüstü kompüter xəttindəki bu boşluğu doldura bilər.
Paylaş