Logo
    main-post-cover

    Apple M5 prosessorlu MacBook Pro bu ilin ikinci yarısı üçün gözlənilir

    Cihazlar+
    18.02.2025
    Emil
         Apple bu ilin ikinci yarısında növbəti nəsil Apple M5 çipi ilə təchiz olunmuş MacBook Pro noutbukunu təqdim edəcək. Daha sonra isə 2026-cı ilin birinci yarısında bu prosessor yenilənmiş iPad Pro planşetlərində də yer alacaq. Bu barədə məlumatı Bloomberg saytının məşhur insayderi Mark Gurman təqdim edib. Bu məlumat Apple cihazlarının M4 çipindən M5-ə keçid qaydası ilə bağlı əvvəlki gözləntilərə ziddir. Keçən il Apple əvvəlcə may ayında yenilənmiş iPad Pro-da M4 prosesssorunu təqdim etmişdi, daha sonra isə oktyabr ayında MacBook Pro M4 prosessoru ilə satışa çıxarılmışdı.
         Mark Gurman-ın sözlərinə əsasən Apple M5 prosessoruna sahib MacBook Pro modelindən əvvəl M4 prosessoru ilə yenilənmiş Mac StudioMac Pro modellərini təqdim edəcək. İnsayder ehtimal edir ki, bu yeni modellər iyun ayında keçiriləcək Apple-ın WWDC 2025 konfransında təqdim oluna bilər. M5 prosessorlarının ARM arxitekturasının təkmilləşdirilmiş versiyasına sahib olacağı və TSMC-nin 3 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcəyi gözlənilir.
         Mənbələrin məlumatlarına əsasən Apple M5 prosessoru üçün TSMC-nin daha qabaqcıl 2 nanometrlik texnoloji prosesini istifadə etməkdən imtina edib və bu qərar istehsal xərcləri ilə bağlıdır. Bununla belə, M5-in yüksək performanslı versiyaları M4 ilə müqayisədə əhəmiyyətli təkmilləşdirmələr əldə edəcəklər. Bu əsasən, TSMC-nin üçölçülü prosessorları birləşdirən System on Integrated Chip (SoIC) texnologiyası sayəsində mümkün olacaq.
    Mənbə: Bloomberg
    Paylaş