Logo
    main-post-cover

    Apple M5 prosessorlu yeni MacBook Pro təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    15.10.2025
    Emil
         Apple şirkəti yeni MacBook Pro noutbukunu təqdim edib. Təqdim edilmiş yeni MacBook Pro modeli şirkətin yeni M5 prosessoru vasitəsilə çalışır. Şirkət bildirib ki, M5 prosessoru sayəsində yeni MacBook Pro süni intellektin Mac kompüterlərində tətbiqi mövzusunda irəli addımdır. Belə ki, M4 vasitəsilə çalışan MacBook Pro ilə müqayisədə M5 vasitəsilə çalışan MacBook Pro-da süni intellekt tapşırıqlarının yerinə yetirilməsi üzrə performans göstəricisi 3.5 dəfə yüksəkdir. Prosessorun yeni nəsil 10 nüvəli GPU-su hər nüvədə neyron sürətləndirici ilə təchiz edilib və bu, M4 ilə müqayisədə çoxnüvəli performansı 20%, M1 ilə müqayisədə isə 6 dəfə artırır.
         Qrafik performans M4-dən 1.6 dəfə, M1-dən isə 6.8 dəfə daha güclüdür. 16 nüvəli neyron sürətləndirici M4 ilə müqayisədə 3.5 dəfə, M1 ilə müqayisədə 7.7 dəfə daha yüksək sürətlə lokal süni intellekt tapşırıqlarını yerinə yetirir. 10 nüvəli CPU çoxaxınlı (multithreaded) performansda 20% artım əldə edib. SSD yaddaş M4 prosessorlu modeldən 2 dəfə daha sürətlidir. Operativ yaddaşın ötürmə sürəti M4-dəki 120 GB/s ilə müqayisədə 153 GB/s təşkil edir. Yeni MacBook Pro-nun özü 120 Hz-lik təsvir yenilənməsinə sahib 3024x1964 piksel keyfiyyətli 14.2 düym ölçülü Liquid Retina XDR ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir.
         Noutbukun gövdə qalınlığı 1.55 sm, çəkisi isə 1.55 kq təşkil edir. Noutbuk 16/24/32 GB RAM ilə 512 GB /1/2/4 TB SSD-ni əldə edib. Noutbukun veb kamerası 12 MP-likdir. Yeni MacBook Pro-nun audio sistemi qismində Dolby Atmos dəstəkli 6 ədəd səsgücləndirici çıxış edir. Noutbuk Wi-Fi 6EBluetooth 5.3-ü dəstəkləyir və özündə Touch ID texnologiyasını birləşdirir. Noutbuk Thunderbolt 4 dəstəkli USB-C, HDMI, SDXC, MagSafe 3 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. M5 prosessorlu MacBook Pro bir dəfə şarj olunandan sonra 16 saat ərzində veb-sörfinq rejimində və 24 saat ərzində video streaming rejimində çalışa bilir. Yeni MacBook Pro modeli 22 oktyabr tarixində satışa çıxacaq və onun qiyməti 1599$-dan start götürəcək.
    Paylaş