Apple M6 prosessorlu yeni iMac-i ilin sonuna qədər təqdim edə bilər
Apple-ın iMac kompüterinin yeni versiyasını 2026-cı ilin sonuna qədər təqdim edəcəyi gözlənilir. Bloomberg-dən Mark Qurmanın məlumatına görə, yeni iMac şirkətin M6 prosessoru ilə təchiz olunacaq. Bununla belə, cihazın dizaynında ciddi dəyişikliklərin edilməsi gözlənilmir. Məlumata əsasən, M6 prosessorlu iMac hazırkı M4 modelinə vizual baxımdan böyük ölçüdə bənzəyəcək. Apple əsas dəyişiklikləri kompüterin daxilində edəcək, xarici görünüşdə isə yeni rəng seçimlərinin təqdim olunması mümkündür.
Beləliklə, Apple 2021-ci ildə M1 prosessorlu iMac ilə təqdim etdiyi hazırkı dizaynı qorumağa davam edə bilər. Şirkətin gələcəkdə OLED ekranlı iMac üzərində işlədiyinə dair məlumatlar olsa da, belə bir modelin yaxın zamanda satışa çıxarılması gözlənilmir. Maraqlı məqamlardan biri M6 prosessor ailəsinin bazarda nisbətən qısa müddət qalacağı ilə bağlı iddialardır. Daha əvvəl yayılan məlumatlara görə, Apple M6-dan cəmi təxminən altı ay sonra M7 nəslinə keçə bilər. Hətta M6 Pro, M6 Max və M6 Ultra versiyalarının ümumiyyətlə təqdim edilməyəcəyi, şirkətin yalnız standart M6 prosessorunu istifadəyə verəcəyi bildirilir.
M6 prosessorunda yaddaş ötürmə sürətinin saniyədə 200 GB-a çatacağı, yeni yaddaş arxitekturasının və 12 nüvəli qrafik prosessorun istifadə ediləcəyi gözlənilir. M7 nəslində isə əsas diqqətin süni intellekt əməliyyatlarında daha yüksək performansa yönəldiləcəyi bildirilir. M7 prosessorlu ilk cihazların 2027-ci ilin birinci yarısında təqdim ediləcəyi, M7 Pro və M7 Max versiyalarının həmin ilin daha sonrakı dövründə, M7 Ultra-nın isə 2028-ci ildə bazara çıxacağı iddia olunur.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...