Logo
    main-post-cover

    Apple “MacBook Neo” adını niyə seçdi?

    Cihazlar+
    05.03.2026
    Ilhama
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple yeni təqdim etdiyi MacBook Neo modelinin adının təsadüfi seçilmədiyini açıqlayıb. Şirkət bildirir ki, “Neo” adı cihazın əyləncəli, dostcanlı və təzə görünüşünü əks etdirmək üçün seçilib.
        Apple-ın Mac məhsulları üzrə marketinq direktoru Colleen Novielli TechRadar-a verdiyi müsahibədə bildirib ki, MacBook Neo sadəcə ucuzlaşdırılmış köhnə model deyil. Onun sözlərinə görə, cihaz tamamilə yeni yanaşma ilə sıfırdan dizayn edilib və Apple üçün yeni məhsul kateqoriyası yaradır.
        Novielli qeyd edib ki, MacBook Neo təxminən 599 dollar qiymət seqmentində rəqabət aparmaq üçün hazırlanıb. Bu qiymət kateqoriyasında olan bir çox kompüterin istifadəçi təcrübəsinin sadəcə “orta səviyyədə” olduğunu deyən Apple rəsmisi şirkətin əsas məqsədinin premium materialları və keyfiyyətli istifadəçi təcrübəsini daha əlçatan etmək olduğunu bildirib.
        Apple hesab edir ki, bu model sayəsində şirkətin məhsulları daha geniş auditoriyaya çata bilər. Novielli bildirib ki, Apple-ın güclü təchizat zənciri şirkətə həm ilkin satış dalğasında, həm də uzun müddətdə tələbi qarşılamağa imkan verir.
        Müsahibə zamanı yeni modelin MacBook (2015) ilə oxşarlığı barədə sual da verilib. Novielli bəzi insanların paralellər apara biləcəyini desə də vurğulayıb ki, MacBook Neo həmin modelin sadə davamı deyil və tamamilə yeni məhsul kimi yenidən düşünülərək hazırlanıb. MacBook Neo hazırda əvvəlcədən sifariş üçün açıqdır və 256 GB yaddaşla 599 dollardan başlayan qiymətlə satışa çıxarılır. Cihazların göndərişinə isə 11 martdan başlanacağı gözlənilir.
    Paylaş