Apple Maps reklamları üçün yeni qaydalar açıqlanıb
Apple yaxın aylarda ABŞ və Kanadada istifadəyə verməyi planlaşdırdığı Apple Maps reklam sistemi üçün yeni reklam qaydalarını dərc edib. Şirkət hələ reklamların dəqiq istifadəyə veriləcəyi tarixi açıqlamasa da, iyulun 14-dən qüvvəyə minən siyasət sənədi sistemin təqdimatının yaxınlaşdığını göstərir. Yeni qaydalara əsasən, santexnik, elektrik, çilingər, kondisioner (HVAC), zərərvericilərə qarşı mübarizə, dam örtüyü və digər ev təmiri xidmətləri göstərən şirkətlər Apple Maps-də reklam yerləşdirə bilməyəcək. Tibbi xidmətlər təqdim edən müəssisələrin reklamları isə ayrıca qiymətləndiriləcək.
Bu yanaşma Apple-ı əsas rəqibi Google-dan fərqləndirir. Google Maps və Google Local Services Ads platformalarında bu tip xidmətlərə reklam verməyə icazə verilir, lakin şirkətlərdən əlavə yoxlamalar və müntəzəm auditlər tələb olunur. Apple-ın məqsədi Maps reklamlarını daha çox istifadəçilərin fiziki olaraq ziyarət etdiyi məkanlarla məhdudlaşdırmaq və xəritədəki reklamların adi məkan siyahılarına daha yaxın görünməsini təmin etməkdir.
Paylaş