Apple ödənişlərin gecikdirilməsinə görə cihazları “məhdudlaşdırılmış rejimə” salmayacaq
Apple açıqlayıb ki, yeni Upgrade proqramı çərçivəsində icarəyə götürülən cihazların ödənişi gecikdirildikdə onların funksionallığı məhdudlaşdırılmayacaq.
Şirkətin nümayəndəsi Brian Bumbery The Verge nəşrinə açıqlamasında bildirib ki, ödənişlərin gecikdirilməsi və ya borcun ödənilməməsi səbəbindən cihazlarda hər hansı “məhdudlaşdırılmış rejim” aktivləşdirilməyəcək və onların funksiyalarına məhdudiyyət qoyulmayacaq.
Bu rejim aktivləşdirildiyi halda istifadəçinin cihazdakı əksər tətbiqlərə girişinin məhdudlaşdırılması, yalnız Telefon, App Store, Saat, Parametrlər və Wallet kimi əsas tətbiqlərdən istifadə etməsinə icazə verilməsi nəzərdə tutulurdu. Apple yeni Upgrade proqramını Klarna ilə əməkdaşlıq çərçivəsində təqdim edir. Proqram istifadəçilərə yeni iPhone, iPad, Mac və Apple Watch cihazlarını faizsiz, sabit aylıq ödəniş qarşılığında icarəyə götürməyə imkan verəcək.
Bununla belə, Klarna-nın nümayəndəsi Clare Nordstrom bildirib ki, müştəri ardıcıl olaraq üç ödənişi həyata keçirməsə, icarə müqaviləsinə xitam veriləcək və istifadəçi qalan borcun tam məbləğini ödəməli olacaq.
Paylaş
