Logo
    main-post-cover

    Apple Pay Hindistana gəlir

    Cihazlar+
    26.02.2026
    Ilhama
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple Pay-in 2026-cı ilin ortalarında Hindistanda istifadəyə verilə biləcəyi bildirilir. Yeni hesabata əsasən, şirkət ölkənin aparıcı bankları ilə danışıqları intensivləşdirib.
        Məlumata görə, Apple hazırda Hindistanda fəaliyyət göstərən üç böyük bank olan ICICI Bank, HDFC Bank və Axis Bank ilə əməkdaşlıq imkanlarını müzakirə edir. Mənbələrin bildirdiyinə görə, şirkət xidməti 2026-cı ilin ortalarınadək işə salmağı hədəfləyir.
        Apple Pay 2014-cü ildə ABŞ-də istifadəyə verildikdən sonra bir çox ölkədə mərhələli şəkildə istifadəyə açılıb. Lakin Hindistan bazarı uzun illərdir mürəkkəb maliyyə infrastrukturu və tənzimləmə qaydalarına görə çətin bazar hesab olunur. Ölkədə əsas ödəniş sistemi Unified Payments Interface (UPI) hesab edilir və şirkətlərin bu sistemi dəstəkləməsi üçün xüsusi müraciət prosesi mövcuddur. Bildirilir ki, Hindistandakı istifadəçilər App Store və Apple Music ödənişlərində UPI-dən yararlana bilsələr də, Apple hələlik Apple Pay üçün bu sistemə rəsmi inteqrasiya müraciəti etməyib.
        Əlavə olaraq, biometrik identifikasiya ilə bağlı tələblərin Aadhaar sistemindən istifadəni tələb etməsi, Apple-ın cihazdaxili Touch ID və ya Face ID texnologiyalarını tətbiq etməsinə maneə yaradıb. Maraqlıdır ki, rəqib xidmətlər (Google Pay və Samsung Wallet) artıq bir neçə ildir Hindistanda fəaliyyət göstərir.
        Qeyd edək ki, Apple hələ 2017-ci ildən Hindistan bazarına daxil olmaq istədiyini açıq şəkildə bəyan edib. Lakin mürəkkəb tənzimləmə və texniki inteqrasiya prosesi səbəbindən bu planlar indiyədək reallaşmayıb.
    Paylaş