Apple sensor ekranlı MacBook hazırlayır
Apple uzun illərdir sensor ekranlı MacBook istehsal etməyəcəyini bildirsə də, görünür şirkətin bu mövqeyi dəyişib. Yeni iddiaya görə, gələcəkdə təqdim olunacaq MacBook modelləri toxunma dəstəyi ilə istifadəçilərin ixtiyarına verilə bilər. Apple məhsulları ilə bağlı dəqiq proqnozları ilə tanınan "Instant Digital" ləqəbli insayder Weibo platformasında paylaşdığı məlumatda sensor ekranlı MacBook-un artıq "100 faiz təsdiqləndiyini" bildirib. O, hansı modelin bu xüsusiyyətə sahib olacağı və təqdimat tarixinin nə vaxt olacağı barədə isə əlavə məlumat verməyib.
Bu iddia əvvəllər yayılan məlumatlarla da üst-üstə düşür. Bloomberg jurnalisti Mark Gurman və tanınmış analitik Ming-Chi Kuo daha əvvəl Apple-ın sensor ekranlı MacBook üzərində işlədiyini bildirmişdilər. Gurman hətta ilk belə modellərin 2026-cı ilin payızında təqdim oluna biləcəyini qeyd etmişdi. Maraqlıdır ki, Apple-ın həmtəsisçisi Stiv Cobs vaxtilə sensor ekranlı noutbuk ideyasına qarşı çıxaraq bunun heç vaxt baş verməyəcəyini demişdi. Lakin son illərdə texnologiya bazarındakı dəyişikliklər və istifadəçi tələbatı şirkətin strategiyasını dəyişmiş ola bilər.
Digər şayiələrə görə, Apple bu ilin sonuna doğru yeni yüksək performanslı "MacBook Ultra" modelini də təqdim etməyə hazırlaşır. OLED ekran və ən güclü Apple çipləri ilə gəlməsi gözlənilən bu modelin eyni zamanda ilk sensor ekranlı MacBook olması ehtimal edilir. Hələlik Apple tərəfindən bu məlumatlarla bağlı rəsmi açıqlama verilməyib. Buna görə də sensor ekranlı MacBook-un nə vaxt təqdim ediləcəyi və hansı modellərdə istifadəyə veriləcəyi hələlik qeyri-müəyyən olaraq qalır.
Paylaş