Logo
    main-post-cover

    Apple simsiz qulaqlıq bazarında liderliyini qoruyur

    Cihazlar+
    10.06.2026
    Sevinj
        2026-cı ilin ilk rübündə qlobal simsiz qulaqlıq (TWS) bazarında Apple lider mövqeyini qoruyub saxlayıb. Smart Analytics Global araşdırma şirkətinin hesabatına görə, yanvar-mart aylarında AirPods və Beats markalarının birgə satışları bazardakı ümumi tədarükün təxminən üçdə birini təşkil edib. Məlumata əsasən, Apple qlobal TWS bazarında 23 faiz payla birinci olub. Xiaomi 11 faizlə ikinci, Beats isə 8 faizlə üçüncü yerdə qərarlaşıb. Ümumilikdə isə ilin ilk rübündə simsiz qulaqlıq tədarükləri ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz, topdansatış gəlirləri isə 8 faiz artıb.
    AirPods Pro 2 review: the perfect headphones for iPhone users | TechRadar
        Gəlirlər baxımından da Apple bazara üstünlük edib. Şirkət yüksək qiymət seqmentində yerləşən AirPods modellərinin hesabına qlobal TWS gəlirlərinin 44 faizini əldə edib və ən yaxın rəqiblərini xeyli qabaqlayıb. Hesabatda diqqətçəkən əsas məqamlardan biri isə açıq dizaynlı qulaqlıqların sürətli yüksəlişidir. Qulağın tam bağlanmadığı və ətraf səsləri eşitməyə imkan verən open-hook modellərinin tədarükləri bir il ərzində 48 faiz, open-clip kateqoriyasında isə 87 faiz artıb. Ənənəvi silikon ucluqlu TWS qulaqlıqlarının satışları isə əksinə, 1 faiz azalıb.
        Bu tendensiya göstərir ki, istifadəçilər günboyu rahat istifadə edilə bilən və qulaq kanalını bağlamayan modellərə daha çox üstünlük verməyə başlayırlar. Open-hook seqmentində Shokz 25 faiz bazar payı ilə lider olsa da, open-clip kateqoriyasında Huawei 22 faizlə ilk sıradadır. Beats-in Powerbeats Pro 2 modeli qulaq qarmağına malik olsa da, silikon ucluqlu ənənəvi in-ear dizaynını qoruduğundan açıq qulaqlıq kateqoriyasına daxil edilmir. Buna görə də Apple hazırda bazarın ən sürətlə böyüyən açıq dizayn seqmentlərində əsas oyunçular arasında yer almır.
    Paylaş