Apple Store-lardakı problemlər Vision Pro satışlarını zəiflətdi
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple Vision Pro ilə bağlı yeni iddialar ortaya çıxıb. Yeni araşdırmaya görə, cihazın gözlənilən uğuru əldə etməməsinin əsas səbəblərindən biri Apple mağazalarındakı satış və təqdimat proseslərinin zəifləməsi olub.
Məlumata görə, Vision Pro kimi mürəkkəb məhsulun satışında mağaza içi demo təcrübəsi həlledici rol oynasa da, Apple mağazalarında çalışan işçilərin kifayət qədər təlim keçməməsi bu prosesi çətinləşdirib. Əvvəllər Apple Store işçiləri müştəriyə ən uyğun həlli tövsiyə etməyə fokuslanırdısa, indi isə satış hədəfləri daha ön plana çıxır. Bildirilir ki, Vision Pro üçün təqdimat prosesi kifayət qədər mürəkkəb olub. İşçilər həm cihazın düzgün uyğunlaşdırılması (üz ölçüsü, light seal seçimi və s.), həm də uzun skript əsasında demo keçirmək məcburiyyətində qalıblar. Lakin bir çox əməkdaş bu prosesə kifayət qədər hazır olmayıb.
Araşdırmada qeyd olunur ki, Apple son illərdə mağazalarda təcrübəli işçilər əvəzinə daha çox müvəqqəti əməkdaşlara üstünlük verib. Bu isə Vision Pro kimi yeni və kompleks məhsulun təqdimat keyfiyyətinə mənfi təsir göstərib. Eyni zamanda, şirkətin mağaza idarəetmə siyasətində də dəyişikliklər diqqət çəkir. Tim Cook dövründə Apple Store-ların əvvəlki müştəriyönümlü fəlsəfəsindən uzaqlaşdığı və daha klassik retail modelinə keçdiyi vurğulanır.
Nəticədə, bəzi analitiklər Vision Pro-nu Apple üçün nadir uğursuz məhsullardan biri kimi qiymətləndirir. Buna baxmayaraq, cihazın satışlarından milyonlarla dollar gəlir əldə edildiyi də bildirilir.
Paylaş