Apple təhsil endirimlərinə nəzarəti sərtləşdirdi
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Apple artıq Təhsil Mağazasında (Education Store) tətbiq olunan endirim siyasətini sərtləşdirib. Şirkət bundan sonra endirimli məhsul almaq istəyən istifadəçilərin həqiqətən tələbə, müəllim və ya təhsil müəssisəsi ilə əlaqəli olub-olmadığını yoxlayacaq.
Əvvəllər Apple Education Store-da alış-veriş etmək üçün istifadəçilərin sadəcə bu kateqoriyaya aid olduqlarını təsdiqləmələri kifayət edirdi və əlavə sənəd yoxlanışı aparılmırdı. Bu da tələbə və müəllim olmayan şəxslərin də endirimlərdən yararlanmasına imkan yaradırdı.
Yeni qaydalara əsasən, Apple artıq istifadəçilərin statusunu yoxlamaq üçün UNiDAYS platformasından istifadə edir. Bu sistem vasitəsilə alıcının konkret təhsil müəssisəsi ilə əlaqəsi təsdiqlənməlidir.
Apple bildirib ki, endirimdən hazırda təhsil alan və yeni qəbul olunan tələbələr, onların valideynləri, ali və orta məktəb müəllimləri, təhsil müəssisələrinin əməkdaşları, eləcə də evdə təhsil verən müəllimlər yararlana bilərlər.
Yoxlama prosesi əksər hallarda dərhal tamamlanır. Bəzi istifadəçilərdən əlavə sənədlər tələb oluna bilər və təsdiqləmə prosesi 24 saata qədər çəkə bilər.
Paylaş