Apple TV tətbiqində Formula 1 üçün xüsusi kanal açıldı
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Apple Formula 1 məzmununa yatırımlarını artırmağa davam edir. Şirkət bu yaxınlarda kinoteatrlarda uğur qazanan F1 filmi sonrası Apple TV tətbiqində Formula 1 üçün xüsusi bir kanal istifadəyə verib. Yeni yaradılan F1 bölməsi qarşıdakı mövsümlə bağlı bəzi detallara da işarə edir. Mövsüm gələn ay Avstraliyada start götürəcək və Apple TV-də artıq məşqlər (practice), sıralama turları (qualifying), əsas yarış (grand prix) və həftəsonu “warm-up” proqramı üçün ayrıca bölmələr yerləşdirilib.
Apple ötən ilin oktyabrında ABŞ-də Formula 1 yarışlarının yayımı üçün beşillik müqavilə imzaladığını açıqlasa da, təqdimatın necə təşkil olunacağı barədə indiyə qədər ətraflı məlumat verilməyib. Apple TV-də yer alan “Event Schedule: Sky Sports” bölməsi göstərir ki, şərhlər böyük ehtimalla Sky Sports komandası tərəfindən təqdim olunacaq. Bu yanaşma daha əvvəl ESPN tərəfindən də tətbiq edilmişdi.
Platformada 2025 mövsümünün əsas məqamlarını əks etdirən videolar və 2026 mövsümündə qüvvəyə minəcək qayda dəyişiklikləri ilə bağlı icmal materiallar da yerləşdirilib.
Paylaş