Logo
    main-post-cover

    Apple Watch şarj cihazı manikür trendinə çevrildi

    Cihazlar+
    16.01.2026
    Sevinc
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, manikür həvəskarları üçün maraqlı bir trend ortaya çıxıb. Maqnitli “cat eye” dırnaq lakı istifadə edənlər indi gözoxşayan effektlər yaratmaq üçün Apple Watch şarj cihazından yararlanırlar.
        Əslində maqnitli dırnaq lakları yeni deyil. Onlar illər əvvəl satışa çıxmış, daha sonra isə kütləvi bazara yayılmışdı. Yenilik isə bu lakların istifadə üsullarında ortaya çıxıb. Sosial şəbəkələrdə istifadəçilər maqnit sahəsi yaradan demək olar ki, hər əşya ilə fərqli dizaynlar əldə etməyə başlayıblar və bu siyahıya indi Apple Watch şarj cihazı da əlavə olunub.
        Reddit-də Laquerista icmasının üzvü peninkling yeni manikürünü paylaşaraq effekti Apple Watch şarj cihazı ilə əldə etdiyini bildirib. Metod olduqca sadədir: barmaq şarj cihazına toxundurulur, üzərinə maqnitli lak çəkilir və təxminən 1 dəqiqə gözlənilir. Nəticədə rənglər şarj cihazının maqnit sahəsinə uyğun şəkildə formalaşır və effekt quruduqdan sonra sabit qalır.
        Peninkling-in paylaşdığı mavi-qara çalarlar arasındakı parlaq keçid sosial şəbəkələrdə böyük maraq doğurub. Trendə qoşulanlardan biri də Instagram istifadəçisi Sarah Kendall olub. O, prosesi əvvəldən sona qədər videoya çəkərək izləyiciləri ilə bölüşüb.
        Bu görünüşü təkrarlamaq istəyənlər üçün tövsiyə edilən məhsullar da var. Əsas qat kimi Mooncat – Getting Even, onun üzərinə isə iki qat Mooncat – Bloodbender maqnitli lak istifadə olunur.
        Maqnitli dırnaq lakları, başqa adı ilə “cat eye” laklar tərkibində ferromaqnit metal hissəcikləri olan xüsusi laklardır. Lak hələ qurumamışkən üzərinə və ya altına maqnit tutulduqda müxtəlif vizual effektlər yaranır. Quruduqdan sonra isə bu effektlər sabit qalır.
        Bundan əlavə, Reddit istifadəçisi Glittering-Time-2274 oxşar nəticənin MagSafe uyğun aksesuarlarla da əldə edilə biləcəyini qeyd edir. Maqnitli PopSocket, telefon üçün maqnitli stendlər və ya MagSafe pulqabıları da bu məqsədlə istifadə oluna bilər.
    Paylaş