Apple Watch strategiyası bu dəfə ağıllı eynəklərdə tətbiq olunacaq
Apple ağıllı eynək bazarında yalnız Meta və Samsung kimi texnologiya şirkətləri ilə rəqabət aparmağı planlaşdırmır. Bloomberg-in tanınmış analitiki Mark Qurmanın məlumatına görə, şirkətin əsas məqsədi ümumilikdə eynək bazarında mövqeyini gücləndirməkdir.
Mənbənin bildirdiyinə əsasən, Apple bu sahədə Apple Watch-un bazara çıxarılması zamanı tətbiq etdiyi strategiyanı təkrarlamaq istəyir. Şirkət ağıllı saat bazarına daxil olarkən yalnız Pebble və Motorola kimi istehsalçılarla deyil, həm də Swatch, Fossil və Seiko kimi ənənəvi saat brendləri ilə rəqabət aparırdı. Eyni yanaşma ağıllı eynəklər üçün də nəzərdə tutulur. Belə ki, Apple-ın gələcək ağıllı eynəkləri Meta və Samsung-un məhsulları ilə yanaşı, Ray-Ban, Oakley və Warby Parker kimi məşhur eynək brendlərinin 200-500 dollar qiymət seqmentindəki modellərinə alternativ kimi təqdim ediləcək.
Apple hesab edir ki, güclü brend nüfuzu, məhsul dizaynı və iPhone ilə dərin inteqrasiya istifadəçiləri növbəti dəfə adi eynək alarkən Apple məhsuluna üstünlük verməyə təşviq edə bilər. Bundan əlavə, şirkətin 2 milyarddan çox aktiv cihazdan ibarət ekosistemi, qlobal mağaza şəbəkəsi və süni intellekt imkanları da bu strategiyanın əsas üstünlükləri kimi qiymətləndirilir. Maraqlıdır ki, Apple bu dəfə lüks seqmentə daxil olmağı planlaşdırmır. Şirkət daha əvvəl 10 min dollarlıq qızıl Apple Watch modeli ilə premium saat bazarına daxil olmağa çalışsa da, bu təşəbbüs uğurlu olmamışdı. Buna görə də yeni ağıllı eynəklərin əsasən kütləvi istehlakçılar üçün nəzərdə tutulacağı bildirilir.
Paylaş